"Hazırda ali təhsil müəssisələrində oxuyan tələbələrin əmək fəaliyyətinə başlayarkən təcrübə çatışmazlığı ilə üzləşdiklərini yaxşı bilirik. Bu problemin aradan qaldırılması məqsədilə müvafiq addımlar atılıb və yaxın zamanda dövlət tərəfindən verilən qərara əsasən tələbələrin təcrübə müddətinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsi məsələsi həllini tapıb. Bununla da son kurs tələbələri, yəni dördüncü kursun ikinci semestrində təcrübə keçənlər faktiki olaraq əmək fəaliyyətinə başlamış sayılırlar".
Bunu təhsil eksperti Elçin Əfəndi Bakıvaxtı.az-a gənclərin məşğulluq imkanları və ali təhsildə praktiki hazırlığın rolu barədə danışarkən bildirib.
Ekspertin sözlərinə görə, bu addım ən azı müəyyən qədər təcrübə probleminin həllinə töhfə verə bilər. Lakin əsas məsələ ondan ibarətdir ki, tələbələr artıq üçüncü kursdan etibarən oxuduqları ixtisas üzrə təcrübə prosesinə cəlb olunmalıdırlar. Çünki nəzəri biliklərin praktik təcrübə ilə paralel şəkildə formalaşması olduqca vacibdir:
"Eyni zamanda universitetlərlə əmək bazarı arasında əlaqələrin gücləndirilməsi zəruridir. Ali təhsil müəssisələri öz məzunlarının əmək bazarında uğurla yer tutmasında maraqlı olmalıdırlar. Bunun üçün universitetlər geniş araşdırmalar aparmalı, müvafiq dövlət və özəl qurumlarla əməkdaşlıq edərək məzunlarının həmin müəssisələrə yönləndirilməsinə dəstək verməlidirlər".

Elçin Əfəndi: Hazırda bir çox universitet diplom verməklə kifayətlənir
Müsahibimiz təəssüflə qeyd edir ki, hazırda bir çox universitetlər yalnız diplom verməklə kifayətlənir. Diplomu təqdim etdikdən sonra məzunun gələcək əmək fəaliyyəti və karyera yolu ilə bağlı demək olar ki, heç bir məlumat bazası formalaşdırılmır. Halbuki məzunlarının məşğulluq göstəricilərinə dair məlumatlara malik olan universitetlərin sayı çox azdır:
"Dünyanın əksər ölkələrində universitetlər məzunları ilə əlaqəni davam etdirir, onların uğurları ilə fəxr edir və iş tapmalarına dəstək göstərirlər. Universitetlər öz nüfuzlarını məhz məzunlarının əmək bazarındakı uğurları üzərindən formalaşdırırlar. Bu yanaşma tətbiq olunduğu halda, ali məktəbi bitirən gənclərin iş tapmaq imkanları da xeyli asanlaşar".
E.Əfəndi vurğulayır ki, bununla yanaşı, tələbələrin istehsalat və peşə təcrübəsinə ən gec üçüncü kursdan, heç olmasa dördüncü kursun birinci semestrindən başlaması vacibdir. Belə olduqda, məzun olan tələbənin əlində ən azı birillik ixtisas üzrə iş təcrübəsi olar. Nəticədə o, hər hansı bir müəssisəyə müraciət edərkən yalnız nəzəri biliklərini deyil, real iş təcrübəsini də təqdim edə bilər və bu da işə qəbul prosesində mühüm üstünlük yaradar.
Zeynəb Rzayeva
Bakı 




