• Bakı 27° C

    2.18 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.1757

Unudulan ənənə: “Jurnalistlərin dostu” mükafatı bu il də verilməyəcək?

MEDİA

10 Iyul 2025 | 12:54

Unudulan ənənə: “Jurnalistlərin dostu” mükafatı bu il də verilməyəcək?

Azərbaycan mətbuatı cəmiyyətin informasiya təminatında, ictimai nəzarətin həyata keçirilməsində və demokratik dəyərlərin formalaşmasında mühüm rol oynayır.

Bakıvaxtı.az xəbər verir ki, mətbuatın sərbəst və azad fəaliyyəti təkcə jurnalistlərin deyil, həm də dövlət qurumlarının və ictimai-siyasi xadimlərin bu sahəyə münasibətindən birbaşa asılıdır. Bu kontekstdə media ilə açıq, şəffaf və sağlam münasibət quran şəxslərin ictimai şəkildə tanıdılması və qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Məhz bu məqsədlə 1997-ci ildə “RUH” Jurnalistlərin Müdafiəsi İctimai Birliyi tərəfindən “Jurnalistlərin dostu” mükafatı təsis edilib.

Mükafatın əsas məqsədi mətbuat azadlığını təşviq etmək, media ilə səmərəli və şəffaf əməkdaşlıq edən ictimai-siyasi fiqurları tanıtmaq və jurnalistikanın inkişafına mənəvi dəstək verməkdir. “Jurnalistlərin dostu” mükafatı ictimai rəyin və media cameəsinin dəyərləndirməsi əsasında təqdim olunur. Müxtəlif illərdə bu mükafata layiq görülən şəxslər sırasında dövlət rəsmiləri, siyasətçilər və ictimai xadimlər yer alır.

İlk dəfə 1998-ci ildə təqdim olunan mükafatın ilk laureatı Nazim İmanov olub. Növbəti illərdə Sirus Təbrizli (1999), Əli Kərimli (2000) və İsa Qəmbər (2001) “Jurnalistlərin dostu” elan olunublar. Onu da bildirək ki, İsa Qəmbər bu mükafatı qəbul etməkdən imtina edib.

2002-ci ildə mükafat Azərbaycanın ümummilli lideri Heydər Əliyevə təqdim olunub. 2003-2009-cu illərdə mükafat verilməyib.

2010-cu ildə Prezident İlham Əliyev “Jurnalistlərin dostu” mükafatı ilə təltif olunub. Dövlətimizin başçısı 2013 və 2017-ci illərdə keçirilən sorğular nəticəsində yenidən bu ada layiq görülüb.

“Jurnalistlərin dostu” mükafatı mətbuatla demokratik dialoqun rəmzinə çevrilib və ictimai-siyasi həyatın media ilə vəhdətdə inkişafına töhfə verən təşəbbüs kimi qiymətləndirilir.

Bəs mətbuatımızın 150 illiyi ərəfəsində bu mükafat yenidən təqdim olunacaqmı? İctimaiyyətin və media cameəsinin bu sual ətrafında gözləntiləri artmaqdadır.

Məsələ ilə bağlı Bakıvaxtı.az-ın sorğusunu cavablandıran “RUH” Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin sədri Əvəz Rüstəmov bildirib ki, bu il “Jurnalistlərin dostu” mükafatının verilməsi nəzərdə tutulmayıb.

Onun sözlərinə görə, təşkilat bu mərasimlə bağlı ayrıca plan hazırlamayıb və hazırda belə bir təşəbbüs gündəmdə deyil. Bu isə mükafatın davamlılığı və ənənə halını alması ilə bağlı sualları yenidən gündəmə gətirir.

O, həmçinin qeyd edib ki, yaxın günlərdə yeni mükafatların verilib-verilməyəcəyi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Əli Hüseynov


SON XƏBƏRLƏR

10 Iyul 2025