"Uşaqların həddindən artıq steril şəraitdə böyüdülməsi sağlamlıq problemlərinə səbəb ola bilər".
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Gülnarə İlyasova deyib.
Onun sözlərinə görə, immun sistemi müxtəlif viruslar, bakteriyalar və məişətdə rast gəlinən maddələrlə təmas nəticəsində formalaşır və güclənir. Həkim qeyd edib ki, uşağın həddindən artıq steril şəraitdə böyüməsi immun sisteminin zəifləməsinə gətirib çıxara bilər.
G.İlyasova bildirib ki, belə uşaqlar ətraf mühitdəki adi komponentlərə belə allergik reaksiya verə, müxtəlif allergik xəstəliklərə və hətta astmaya meyilli ola bilərlər. O vurğulayıb ki, immun sisteminin düzgün inkişafı üçün müəyyən səviyyədə təbii təmas vacibdir.
Pediatr valideynlərin uşaqları mikroblarla bağlı həddindən artıq qorxutmasının da mənfi nəticələr doğura biləcəyini deyib. Onun sözlərinə görə, bu yanaşma bəzi uşaqlarda təşviş pozuntularının yaranmasına səbəb olur. Həkim bildirib ki, bəzi hallarda uşaqlar əllərini dəfələrlə yuyur, gigiyena ilə bağlı davranışları artıq patoloji xarakter alır.
G.İlyasova qeyd edib ki, gigiyena qaydalarına riayət olunması vacib olsa da, hər şeydə balans qorunmalıdır. Onun sözlərinə görə, uşaq nə natəmiz şəraitdə böyüməli, nə də tam steril mühitdə saxlanılmalıdır.
Aynur Babazadə
Bakı 



