Peşəkar Futbol Liqasının (PFL) Ümumi Yığıncağında Elxan Səmədov növbəti dəfə qurumun preizdenti vəzifəsinə seçilib.
Qurumdan Bakıvaxtı.az-a verilən məlumata görə, tədbirdə PFL prezidenti Elxan Səmədov, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, PFL-in idarə heyətinin üzvləri, klub nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Yığıncaq Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, şəhidlərimizin və dünyasını dəyişmiş futbol adamlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Səsvermə hüququna malik üzvlərin iştirakı ilə yetərsay təmin olunduğu üçün Yığıncaq səlahiyyətli elan edilib. Prosedura uyğun olaraq ilk növbədə Yığıncağın işçi heyəti səsverməyə çıxarılıb.
İşçi heyət təsdiqləndikdən sonra Ümumi Yığıncağın gündəliyi elan olunub. Gündəliyə İctimai Birliyin hesabatının təqdim olunması, icra orqanının seçilməsi və digər cari məsələlər daxil edilib.
Ardınca tədbir iştirakçılarına PFL-in son 4 illik fəaliyyətini əks etdirən geniş videosüjet təqdim olunub. Daha sonra maliyyə hesabatı ilə çıxış etmək üçün söz PFL-in mühasibi Həci Babayevə və ardından müstəqil auditor Natiq Kərimova verilib.
Hesabatlar dinlənildikdən sonra növbəti 4 il müddətinə Peşəkar Futbol Liqasının prezident seçkilərinə start verilib. Vahid namizəd olan Elxan Səmədov səsvermənin nəticələrinə əsasən yekdilliklə növbəti 4 il müddətinə Peşəkar Futbol Liqasının prezidenti seçilib.
Sonda PFL-in İdarə Heyətinin yeni tərkibi səsverməyə çıxarılıb və yekdilliklə təsdiq olunub. Növbəti 4 il müddətində PFL-in İdarə Heyətində aşağıdakı şəxslər təmsil olunacaqlar:
• Elxan Səmədov – PFL prezidenti
• Məlik Həsənov – İdman işləri üzrə müşavir
• Aslan Şahgəldiyev – Vitse-prezident
• Zaur Hacı-Məhərrəmov – İcraçı direktor
• Elgiz Abbasov – Texniki-idman direktoru
• Sənan Abdullayev – Media və marketinq direktoru
Yığıncağın sonunda AFFA-ya, futbol klublarının nümayəndələrinə və bütün tədbir iştirakçılarına göstərdikləri dəstəyə görə təşəkkür ifadə olunub.
Bakı 



