• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Erkən nikah: Qızlarını evcik oynayırmış kimi evləndirirlər

CƏMİYYƏT

29 Fevral 2024 | 10:02

Erkən nikah: Qızlarını evcik oynayırmış kimi evləndirirlər

Erkən nikah hər zaman cəmiyyətin mübarizə apardığı ciddi problemlərdən biridir. Qanunla qadağan olmasına baxmayaraq, bəzi ailələr buna məhəl qoymurlar. Düzdür, bəzən yetkinlik yaşına çatmayan qızlar da buna meylli olurlar, amma burada əsasən ailə məcburiyyətini görürük.

Bakıvaxtı.az-ın məlumatına görə, Azərbaycanda təkcə son 6 gün ərzində 3 erkən nikahın qarşısı alınıb.

Belə ki, Beyləqanda 16 yaşlı qızın 42 yaşlı şəxsə zorla ərə verilməsinin, Bakı kəndlərinin birində 16 yaşlı qızın toy mərasiminin, Naxçıvan Muxtar Respublikasında 16 yaşlı qızın evlənmək məqsədilə qaçırılmasının qarşısı alınıb.

Niyə ailələr qızlarını bilə-bilə bu yola atırlar? Və ya qızları buna nə vadar edir?

Vəfa Əkbər: Bəzən uşaqlar bu yolla ailədən uzaqlaşmaq istəyir

Psixoloq Vəfa Əkbər Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, problemin səbəbi evliliyin ailədə təbliğ olunmasında, valideynin cahilliyindədir.

Onun sözlərinə görə, evliliyin çox gözəl bir şey olmasının qabardılaraq uşağa təqdim edilməsinə və bütün səlahiyyətlərin yalnız ailə həyatı qurduqdan sonra əldə ediləcəyinə inandırıldığından uşaqlar erkən yaşda nikaha addım atmaq istəyirlər. Bəzən isə uşaqlar bu yolla ailədən uzaqlaşmaq istəyir. Ailədəki şiddət və ya psixoloji basqı səbəbi ilə oradan qaçmaq niyyətində olurlar .

Vəfa Əkbər qeyd edib ki, əgər valideynin uşaq psixologiyasından, ailə dəyər sistemindən çox dərin məlumatı yoxdursa, o, sadəcə uşaqlarını evcik oynuyurmuşcasına evləndirəcək.

Psixoloq bildirib ki, əgər ailə övladlarını düşünürsə, gələcəkdə onun gözəl ailəsinin olmasını istəyirsə, uşağına özünü tanımağı, özünü formallaşdırmağı, cəmiyyətdə sözünü deməyi öyrədəcək. Formallaşmış fərdin şəxsiyyət olmağa gedən yolunda ona yardım etməlidir. Çünki yalnız bu halda onun möhkəm ailəsi olacaq.

Səmra Əliyeva: Erkən nikah qız uşaqlarının həyatının əlindən alınması deməkdir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin Ailə problemləri sektorunun baş məsləhətçisi Səmra Əliyeva Bakıvaxtı.az-a açıqlamasında erkən nikahın ənənələrlə, sosial normalarla dəstəklənən problem olduğunu vurğulayıb:

“Bu, ailə institutuna ciddi zərər vurur, öz-özlüyündə ailələr və cəmiyyət üçün bir yox, bir neçə problemi əks etdirir. Əlbəttə ki, bunun nəticəsində öncə uşaq yaşda evləndirilən qız və onun erkən yaşda dünyaya gətirdiyi körpə, daha sonra isə cəmiyyət üzvləri fəsadlarla rastlaşırlar. Baxmayaraq ki, bu məsələnin həm də ölkə iqtisadiyyatı üçün yaratdığı təhlükələr barədə mütəmadi olaraq maarifləndirmə işləri aparılır, lakin xüsusən valideyinlər övladlarını erkən nikaha məcbur edir və bu əməllərini bəhanələrlə, çıxılmaz vəziyyətlə əsaslandırırlar. Bu zaman yaxın ətrafın, qohumların, qonşuların mövcud prosesə müdaxilə etməmələri, aidiyyəti orqanlara dərhal məlumat verməmələri, əksinə erkən nişan, erkən nikah mərasimlərində iştirak etmələri gələcəkdə bir çox problemlərin yaranacağının təməlinin atılması deməkdir” .

Səmra Əliyeva onu da bildirib ki, bəzən valideynlər etiraz etsə də qız uşaqları özləri erkən evliliyə meyilli olurlar. O, yeniyetməlik dövrü yaşayan, dünyəvi fikirləri, dünyagörüşü və ailə həyatı haqqında fikirləri hələ tam formalaşmamış qızların ailəsini dinləməyərək bu addımı atdığını qeyd edib.

Bu proseslərdə valideyinlərin və onlarla yanaşı uşaqlarla daima ünsiyyətdə olan pedaqoji kadrların vəziyyəti diqqətlə müşahidə etməsinin, lazımi müdaxilələr etməsinin və ailələrlə daima əlaqədə olmasının, təhsildən yayınan xüsusilə qız uşaqları barədə dərhal aidiyyəti üzrə məlumat vermələrinin önəmini vurğulayıb.

Ekspert erkən nikah probleminin bir səbəbi olmadığı kimi, problemin aradan qalxması üçün bir həll yolunun olmadığını qeyd edib. Bu problemə kompleks yanaşmanın önəmini söyləyərək, bu işdə aidiyyəti dövlət orqanlarının koordinasiyalı şəkildə çalışmasının, proseslərə dərhal reaksiya vermələrinin və müdaxilə etmələrinin gələcək fəsadların qarşısının alınmasında müstəsna rol oynayacağını deyib:

“Erkən nikah, uşaq evlilikləri, onların xüsusən qız uşaqlarının həyatında yaradacağı fiziki, psixi fəsadlar, təhsildən yayınmanın qız uşaqlarının həyatına təsiri barədə mütəmadi olaraq valideynlər, uşaqlar və cəmiyyət üzvləri məlumatlandırılmalıdır. Cəmiyyət üzvlərində ictimai qınaq fikri yaradılmalı, erkən nişan və erkən nikah mərasimlərində qol qaldırıb oynamaqdansa valideyinlərə bu mərasimin gələcəkdə yaradacağı problemlər barədə məlumatlar vermələri tövsiyə olunmalıdır.

Erkən nikah elə bir problemdir ki, onun aradan qalxmasında hər bir cəmiyyət üzvü maraqlı tərəf olmalıdır. Çünki erkən nikah nəticəsində cəmiyyətdə həssas təbəqədən olan ailələrin sayı, təhsilini davam etdirməyən və hər hansı peşəyə sahib ola bilməyən qızların sayı artır. Bu yaranacaq problemlərdən yalnız bir neçəsidir. Erkən nikah qız uşaqlarının həyatının əlindən alınması deməkdir” .

Həmsöhbətimiz bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq sadalanan məsələlərlə bağlı bölgələrdə və paytaxtda işlər həyata keçirilir. İstər maarifləndirici görüşlər, istər qız uşaqlarının hüquqlarının qorunması, təhsilə cəlb edilməsi, fikirlərinin dinlənilməsi və onlara ailə həyatının önəmi barədə məlumatların verilməsi istiqamətində Dövlət Komitəsi və nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən bütün mövcud imkanlar səfərbər edilir.

Erkən nikahların statistikasına məsələsinə gəlincə, Səmra Əliyevanın sözlərinə görə, artma azalma hər zaman mümkün olduğundan uzun müddət stabil göstərici görməyə bilərik:

“Amma erkən evliliklərə nəzər salsaq 2011-ci illə müqayisədə xeyli azalma müşahidə olunur. Bu azalmanın səbəbi isə yalnız marifləndirmə nəticəsində olmayıb. Qanunvericiliyə edilən ciddi dəyişikliklər fonunda bu azalmanı müşahidə etməyimiz o deməkdir ki, erkən nikahın qarşısını almaq üçün aidiyyəti orqanlar qanunvericiliklə nəzərdə tutulmuş cəzaları bütün mövcud məqamlarda tətbiq etməlidirlər”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

26 Iyul 2024