Soyuqdəymə və ya infeksiya zamanı düzgün qidalanma bədənin sağalma prosesində mühüm rol oynayır.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Mütəxəssislərin fikrincə, xəstəlik dövründə orqanizmin əsas ehtiyacı enerjidir. Lakin bu enerjini təmin edən bütün qidalar eyni dərəcədə faydalı deyil.
Belə ki, xəstəlik zamanı fastfood, qəlyanaltılar, qızartmalar, yağlı yeməklər və qazlı içkilərdən uzaq durmaq tövsiyə olunur.
Eyni zamanda, qırmızı ət, un məmulatları və şirniyyatlar da bu dövrdə arzuolunmaz hesab edilir.
Həmçinin bildirilib ki, bəzi hallarda təzə meyvə və tərəvəzlər də həzm sistemində narahatlıq yarada bilər. Bu səbəbdən onların da miqdarına nəzarət olunmalıdır.
Xəstəlik zamanı bulyon, sup, yulaf və yaxşı bişmiş ət kimi sadə və asan həzm olunan qidaların qəbulu tövsiyə edilir.
Əgər iştaha yoxdursa, məcburən yemək yemək əvəzinə orqanizmi daha çox maye ilə dəstəkləmək lazımdır. Məsələn, moruq mürəbbəsi ilə isti çay, kompotlar və ya bal qatılmış isti süd toksinlərin bədəndən çıxarılmasına, susuzlaşmanın qarşısının alınmasına və gücün bərpasına kömək edə bilər.
Mina Mikayılova