“Yay fəslində immunitet müəyyən səbəblərdən zəifləyə bilər. Bu fəsildə bitkilərin çiçəklənməsi ilə əlaqədar pollinoz adlandırıllan allergik xəstəlik geniş rast gəlir. Uzunmüddətli və müalicə olunmayan allergik xəstəlik infeksion ağırlaşmalarına (sinüzit, otit, bronxit) səbəb ola bilər. Allergik xəstəliklərin ağır formaları ikincil immun çatışmazlığı vəziyyətlərinin yaranmasına gətirib çıxara bilər”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov açıqlayıb.
Onun sözlərinə görə, əksər insanlar yay tətilini isti ölkələrdə keçirməyə üstünlük verirlər:
“İqlimdəki kəskin dəyişiklik immunitet sisteminin işinə neqativ təsir göstərir. Bu da onun qoruyucu xüsusiyyətlərinin azalmasına səbəb olur. Bu zaman xroniki infeksiya ocaqlarının kəskinləşir və ya virus və bakteriyalara qarşı həssaslığın artmasına gətirib çıxarır. Yüksək dozada ultrabənövşəyi radiasiyanın təsiri altında dəri hüceyrələri zədələnir, bunun nəticəsində dərinin qoruyucu baryeri pozulur. Həm də sübut edilib ki, yüksək şüalanma bədənin immunitet qüvvələrinin azalmasına səbəb olur”.
Nazirliyin mütəxəssis-eksperti bildirib ki, ofis işçilərinin və avtomobil sahiblərinin məruz qaldığı uzunmüddətli kondisionerin təsiri çox vaxt isti günəşli havalarda soyuqdəymələrə səbəb olur:
“Yay fəslində immuniteti gücləndirmək üçün qeyd olunanların aradan qaldırılmasından əlavə, günəşdə daha tez-tez qalmalı, lakin bunu mülayim şəkildə etmək lazımdır: ən yaxşısı 11:00-dan əvvəl və ya 17:00-dan sonra. Ultrabənövşəyi şüalar orqanizmdə D vitamininin əmələ gəlməsinə kömək edir və immunitet sisteminin gücləndirilməsində mühüm rol oynayır. İstirahət etmək, gəzintiyə çıxmaq velosiped sürmək, üzgüçülük və digər sağlam fəaliyyətlərlə məşğul olmaq lazımdır. Sosial mediadan uzaqlaşmaq və stresslərdən mümkün qədər yayınmaq tövsiyə olunur. Gündə 7 saat və ya daha çox yatmaq, sağlam qida qəbul etmək, qidaya yaşıl tərəvəzlər və mövsümi meyvə və giləmeyvələri əlavə etmək lazımdır”.