• Bakı 26° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Sabunçu küçələr itlərin “NƏZARƏTİNDƏ” - Sakinlər narazılıq edir, problemə əncam çəkən yoxdur... - VİDEO

CƏMİYYƏT

24 Iyul 2025 | 10:07

Sabunçu küçələr itlərin “NƏZARƏTİNDƏ” - Sakinlər narazılıq edir, problemə əncam çəkən yoxdur... - VİDEO

Bakı şəhərinin Sabunçu rayonu, Bəhruz Kəngərli küçəsində yaşayan sakinlər artıq aylarla davam edən bir problemi gündəmə gətirirlər. Sahibsiz və aqressiv itlər gündəlik həyatın bir parçasına çevrilib – daha doğrusu, kabusuna...

Bakıvaxtı.az-a daxil olan şikayətə görə, adıçəkilən ərazidə hər gün onlarca insan bu itlərin təzyiqi altında hərəkət edir. Ərazidə yaşayanlar bildirirlər ki, sahibsiz itlər gündüzlər mağazaların qarşısında, gecələr isə zibil konteynerlərinin ətrafında toplaşır.

"Uşaq qorxudan ağlayıb. İt hürür, maşının arxasınca qaçır, bəzən hücum da edir. Hər an faciə baş verə bilər", - yerli sakin narazılığını bildirir.

Məsələ yalnız qorxu ilə yekunlaşmır. Ərazidə iaşə obyektlərinin çoxluğu, uşaqların oynadığı həyətlərin yaxınlığı vəziyyəti daha da kritik edir. İtlərin yol hərəkətinə də ciddi təhlükə yaratdığı bildirilir - bəzi hallarda qəza riski belə artır.

"Quduzluq təhlükəsi var, tədbir görən yoxdur"

Sakinlərin ən böyük qorxusu isə quduzluq riskidir. Onlar deyirlər ki, hazırda müşahidə olunan vəziyyət problemin “ən sakit halıdır”. Amma bu sakitlik aldatmasın -hər an “İt uşağı parçaladı”, “Sahibsiz itlər yaşlı qadına hücum etdi” başlıqlı faciəvi xəbərləri oxuya bilərik.

Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı bir neçə dəfə aidiyyəti qurumlara şikayət edilsə də, vəziyyət dəyişməz olaraq qalır.

“Heyvanı sevirik, amma bu, artıq dözülməzdir. Uşağın həyatı risk altındadırsa, bu problemi çözmək lazımdır”, - deyə başqa bir sakin bildirir.

Aidiyyəti qurumlardan cavab gözlənilir

Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini işıqlandırmağa hazırıq.

Hazırkı vəziyyətdə isə sakinlər təhlükənin ciddiliyinə diqqət çəkir və təcili tədbirlərin görülməsini tələb edirlər.

Əli Hüseynov


SON XƏBƏRLƏR