Son illər beynəlxalq münasibətlər sistemində müşahidə olunan əsaslı dəyişikliklər, qlobal güclər arasında balansın pozulması və regional münaqişələrin kəskinləşməsi yeni dünya nizamının formalaşdığını göstərir.
Bu yeni mərhələdə dövlətlərin mövqeyi, milli maraqlar naminə sərgilədikləri prinsipial siyasət və geosiyasi aktivlikləri daha ön plana çıxır. Belə bir həssas dönəmdə Azərbaycan da öz milli maraqlarını əsas tutaraq həm daxili, həm də xarici siyasətdə qətiyyətli və ardıcıl mövqe sərgiləyir. Xüsusilə də Cənubi Qafqaz regionunda baş verən proseslər fonunda Azərbaycanın mövqeyi təkcə regional deyil, həm də beynəlxalq miqyasda böyük maraqla izlənilir.
Prezident İlham Əliyevin son çıxışı da bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı çıxışında müasir dövrün çağırışlarına cavab verən bir sıra mühüm məsələlərə toxundu, Azərbaycanın qlobal və regional proseslərdəki yerini və rolunu aydın şəkildə ortaya qoydu. Onun fikirləri təkcə cari vəziyyətin təhlilinə deyil, həm də gələcək strateji istiqamətlərin müəyyən olunmasına xidmət edir. Xüsusilə də Ermənistanla münasibətlər, bölgədə sülh və təhlükəsizlik perspektivləri, Azərbaycanın regional layihələrdə iştirakı və İranla münasibətlərə dair verilən mesajlar bu çıxışı mühüm siyasi sənədə çevirir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, prezident İlham Əliyev çıxışında mühüm və strateji əhəmiyyət daşıyan məsələlərə toxunaraq, həm qlobal miqyasda, həm də regional səviyyədə gedən proseslərə dair əhatəli və analitik yanaşma sərgiləyib:
"O, xüsusilə yeni dünya nizamının formalaşması kontekstində Azərbaycanın yerini və artan rolunu diqqətə çatdırdı. Dövlət başçısı regionda həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, iqtisadi inteqrasiya təşəbbüsləri və enerji təhlükəsizliyi sahəsində ölkəmizin töhfələrinə geniş yer ayırdı".
Deputatın fikrincə, Prezidentin çıxışında Azərbaycan-İran münasibətlərindən tutmuş, Qərblə əməkdaşlıq platformalarına qədər müxtəlif istiqamətlər üzrə mövcud vəziyyət və perspektivlər dəyərləndirilib. Eyni zamanda, Azərbaycanın dəyişən beynəlxalq nizamda artan təsir gücü və balanslı xarici siyasət xətti vurğulanıb.
Ceyhun Məmmədov, deputat
Onun sözlərinə görə, ən diqqətçəkən məqamlardan biri isə Ermənistanla münasibətlərə dair ifadə edilən fikirlər olub:
"Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, rəsmi İrəvan son dövrlər yenidən revanşist ritorikaya və təxribatçı addımlara meyil göstərir. O qeyd etdi ki, hazırda müşahidə olunan proseslər Ermənistanın yeni qarşıdurmalara hazırlaşdığını göstərir. Bu isə regional sabitlik və sülh üçün ciddi təhdid hesab olunur. Məhz bu baxımdan, belə bir beynəlxalq platformada Azərbaycanın mövqeyinin bir daha səsləndirilməsi və bu istiqamətdə dünyaya verilən mesajlar olduqca mühüm əhəmiyyət daşıyır".
Son olaraq Ceyhun Məmmədov əlavə edib ki, Prezident İlham Əliyev çıxışında Ermənistanın bu reallıqları düzgün dəyərləndirməli olduğunu, destruktiv siyasətdən imtina edərək, bölgədə sülh və əməkdaşlığa töhfə verəcək addımlar atmasının vacibliyini xüsusi vurğulayıb:
"O, açıq şəkildə bəyan etdi ki, rəsmi İrəvan təxribatlara son qoymalı, reallıqlarla barışmalı və gələcəyə məsuliyyətli yanaşma sərgiləməlidir".
Əli Hüseynov