• Bakı 24° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Yeni parklanma qaydaları:  Ödənişsiz saatlar uzadıla bilər?

CƏMİYYƏT

27 Mart 2024 | 16:00

Yeni parklanma qaydaları:  Ödənişsiz saatlar uzadıla bilər?

Artıq bir neçə aydır ki, şəhərin mərkəz və digər küçələrində bir çox park yeri ödənişlidir. Belə ki, sürücülər nəqliyyat vasitələrini sadəcə 15 dıqiqə ödənişsiz saxlayırlar, digər hər saat üçün ərazilərə görə müəyyən edilmiş ödəniş ödəyirlər.

Bakıvaxtı.az-ın məlumatına görə, bu qayda ilə şəhərin mərkəz küçələri boşalsa da, xüsusilə hər gün ödənişli yerlərdə nəqliyyat vasitəsini park etmək məcburiyyətində olanlar narazıdırlar. Onlar gün ərzindı parkinq üçün ən azı 7-8 manat ödədiklərini iddia edir, yeni qaydalardan narazı olduqlarını bildirirlər.


Aslan Əsədov: Şəhərin müxtəlif yerlərində ödənişsiz dayanacaqlar da qurula bilər

Nəqliyyat eksperti Aslan Əsədov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, burada əsas olan insanların parklanma qaydalarına riyaət edərək özlərinə uyğun mövqe seçmələridir:

“Mövcud qaydalar bunu tələb edir ki, istənilən ərazidə avtomobil saxladıqda ödəniş etmək lazımdır. Ödənişlər ərazilərə uyğun təyin edilib”.

Ekspert qeyd edib ki, bu ödənişlərin insanlara sərf edib-etməməsi haqqında fikir yürütmək çətindir:

“Çünki hər hansı vasitəyə ödəniş edilirsə, mütləq ki, razı qalınmayacaq. Heç kim ödənişi, qiymət artımını müsbət qarşılamır”.

Müsahibimiz hüsab edir ki, parklanma yerləri yaradıldıqdan sonra şəhərin müxtəlif yerlərində ödənişsiz dayanacaqlar da qurula bilər. Əlavə olaraq, mövcud qaydalara yenidən baxılaraq ödənişsiz saatı uzatmaq olar:

“Bu zaman 10-15 dəqiqə yox, bir saat, hətta daha artıq ödənişsiz maşın saxlamaq olar. Bunlar vaxt aparan proseslərdir”.


Rövşən Həsənov: İstəyirsiniz maşınınız 24 saat parkinqdə durduğu halda digər sürücülər əziyyət çəksin?

Nəqliyyat eksperi Rövşən Həsənov Bakıvaxtı.az-a açıqlamasında vurğulayıb ki, parkinqlərdə rüsumların artırılmasının əsas səbəbi məhz nəqliyyat vasitələrinin sayını azaltmaqdır:

“Həmin əraziyə nəqliyyat vasitəsiz gəlmək olarsa, orada sıxlıq və tıxacın qarşısını almaq üçün bunu etmək olar. Yəni həmin yerə nəqliyyat vasitəsi ilə getməyə ehtiyac yoxdur. Bunlardan biri hava limanıdır. Təsəvvür edin, həftələrlə harasa getmək istəyən adamlar belə parkinq ucuz olduqda rahat şəkildə park edib gedir. Siz kimisə yola salmaq, qarşılamaq istədikdə yer tapmırsınız, sıxlıq baş verir”.

Onun sözlərinə görə, 15 dəqiqədə tam rahat operativ şəkildə hansısa işinizi aşırmaq üçün nəqliyyat vasitənizi saxlayırsınızsa, ödəniş tələb edilmir:

“Nədən narazısınız? Siz istəyirsiniz avtomobiliniz 24 saat orda dursun? 24 saat orda durduğu halda digər sürücülər əziyyət çəksin? Gəlin məsələyə bu aspekdən yanaşaq. Düşünürəm ki, bütün bunlar nəzərə alınıb, heç bir narazılığa gətirib çıxarmayacaq”.

O ərazidə çalışan insanlara gəldikdə isə, həmsöhbətimiz qeyd edib ki, bir çox böyük şəhərlərdə insanlar işə getmək üçün ictimai nəqliyyatdan istifadə edirlər:

“Şəxsən mən bir çox hallarda nəqliyyat vasitəmi yaxında hardasa park edib şəhərin mərkəzinə metro ilə gedirəm. Burda heç bir çətinlik yoxdur, əksinə daha rahatdır, əraziyə ən qısa müddətdə çata bilirəm”.

Qeyd edək ki, məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu göndərilib.

Aytac Aslan


SON XƏBƏRLƏR

26 Aprel 2024