• Bakı 12° C

    12.22 m/s

  • USD - 1.7

    EUR - 1.8297

    RUB - 0.0185

Cəmiyyət qadının geyiminə qarışa bilərmi? - Mən deyən kimi geyinməsən...

CƏMİYYƏT

26 Aprel 2024 | 15:32

Cəmiyyət qadının geyiminə qarışa bilərmi? - Mən deyən kimi geyinməsən...

Bakıda qadın açıq-saçıq geyiminə görə digər müştəri tərəfindən mağazadan qovulub.

Bakıvaxtı.az xəbər verir ki, həmin anın görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

Bu hal sosial şəbəkə istifadəçiləri arasında fikir ayrılıqların səbəb olub. Bəzi insanlar onu qovan qadını haqlı sayaraq bildiriblər ki, ictimai qınaq sayəsində belə halların qarşısı alına bilər. Amma digər qisim isə qovulan qadının hüquqlarının pozulduğunu, hər kəsin geyim azadlığının olduğunu bildirib.

Bəs bir insanı geyiminə görə cəmiyyətdən təcrid etmək nə dərəcədə düzgündür?

Üzeyir Şəfiyev, sosioloq

Bu barədə Bakıvaxtı.az-a danışan sosioloq Üzeyir Şəfiyev bildirib ki, insanların geyimi, davranışı, danışığı, düşüncəsi özlərinə məxsusdur və onlar bu hərəkətlərdə azaddırlar. Müsahimiz qeyd edib ki, cəmiyyətimiz ənənəvi cəmiyyət olduğu üçün onun fərd üzərində basqısı, sərt sosial nəzarəti var. Eyni zamanda ictimai qınaq çox fəal formada iştirak edir:

“Bu keysdən söhbət gedirsə, biz görürük ki, burda məhz streotip yanaşma hiss olunur, ictimai qınaq sərt şəkildə, linc formasında özünü göstərir. Güman edirəm ki, bu, düzgün yanaşma deyil. Çünki insanlar öz geyimlərində azaddırlar. Bu baxımdan cəmiyyətin bu şəkildə dominant basqı etməsini düzgün qiymətləndirmirəm. Bu, streotip yanaşmadır. Ənənəvi cəmiyyət olduğuna görə belə yanaşmalar hələ də var”.

Sosioloq həmçinin qeyd edib ki, insanlar geyim tərzlərinə də fikir verməlidir və hər geyimin özünün məkanı, uyğunluq məsələsi var. İnsanlar geyinərkən, davranış tərzləri sərgiləyərkən bilməlidirlər ki, hansı məkanda hansı geyim tərzi uyğundur, hansı adekvatdır.

Ü.Şəfiyev fərdlə cəmiyyətin qarşılıqlı bir gözləmə halında yaşamalı olduğunu diqqətə çatdırıb. Bildirib ki, insan sosial varlıqdır, istəsək də, istəməsək də cəmiyyətin qaydalarını, normalarını da nəzərə almalıyıq və cəmiyyətin tələbi var. Əks təqdirdə belə sərt ictimai qınaqla qarşılaşa bilirik:

“Ənənəvi cəmiyyət üçün xarakterik olan bir şey var: Əgər sən mən deyən kimi geyinməsən, danışmasan, davranmasan sənin üçün məxsusi adlar var və o adları sənə qoyacam və ya səni linç edəcəm, sərt ictimai qınağımla səni cəzalandıracam. Əslində cəmiyyətlə fərd arasında belə bir subliminal bir dialoq var. Bu baxımdan insanlar da davranışlarını nəzərə alaraq biraz cəmiyyətə uyğunlaşdırmalıdırlar”.

Müsahibimiz bunun həmin insanın cəmiyyət tərəfindən təhqir olunmalıdır, linc olunmalıdır, qovulmalıdır kimi anlama gəlmədiyini söyləyib və cəmiyyətin belə məsələlərdə tolerantlıq nümayiş etdirməli olduğunu vurğulayıb:

“Əks təqdirdə cəmiyyətlə fərd arasında bir koaliziya olur, konflikt olur. Bunun da nəticəsində cəmiyyətin bəzi nümayəndələri həmin insanalara qarşı ciddi hüquqa zidd davranış sərgiləyə bilər. Həm cəmiyyət, həm də fərd belə hadisələr olmasın deyə qarşılıqlı gözləmədə olmalı və qırmızı xətti keçməməlidir”.

Tural Həsənli, hüquqşünas

Məsələnin hüquqi tərəfi barədə Bakıvaxtı.az-a məlumat verən hüquqşünas Tural Həsənli bildirib ki, qanunvericilik aktında belə bir norma yoxdur ki, geyiminə görə həmin şəxsə münasibətdə hansısa bir ictimai iaşə yerlərinə və yaxud hansısa bir məkana girməyə qadağa qoyulsun. Sadəcə etiket qaydalarına, adət-ənənələrə, mənəvi dəyərlərə uyğun olaraq məsələn cəmiyyət ona qınama mövqeyində baxa bilər. Bu isə cəmiyyətin mövqeyidir, qanunun yox.

“Sadəcə olaraq rəsmi görüşlərdə protokola uyğun olaraq geyimə görə qadağalar ola bilər ki, bu da hansısa ölkəni təmsil etməklə bağlı ola bilər. Və yaxud hansısa rəsmi fəaliyyəti həyata keçirən görüşlərdə ola bilər. Amma qanunvericilik aktında belə bir hal yoxdur ki, məsələn, mən şortikdə müzeyə girə bilmərəm”.

Hüquqşünas qadının icazəsiz görüntüyə alınaraq videosunun çəkilməsinin yolverilməz olduğunu söyləyib:

“Qadının görüntüyə alınması, geyiminə görə irad bildirilməsi, ictimailəşdirilib ləyaqətinə xələl gətirilməsi pozuntudur. Bu, birbaşa şəxsi toxunulmazlıq hüququnun pozulmasıdır, şəxsi həyata müdaxilədir”.

Mina Mikayılova

 


SON XƏBƏRLƏR

06 May 2024