Fransada çoxdan gözlənilən pensiya qanunu ilə bağlı planlaşdırılan islahatlar ictimaiyyətə təqdim olunub.
Bakıvaxtı.az-ın xarici mətbuata istinadla xəbər verir ki, ölkənin Baş naziri Elizabet Bornenin açıqlamasına görə, qanuni pensiya yaşı 2030-cu ildə tədricən 64-ə yüksələcək.
Tam pensiya üçün 2035-ci il əvəzinə 2027-ci ildən 43 il işləmək tələb olunacaq. Yəni vətəndaşlar tam pensiya almaq üçün 2027-ci ilə qədər 43 il işləməli olacaqlar.
Pensiya islahatının 2030-cu ildə sistemin "tarazlığını" təmin etməyi hədəflədiyini müdafiə edən Baş nazir Borne "Bu gün pensiya sistemimizi tarazlaşdırmaq üçün ədalətli bir layihə təqdim edirik" deyib.
"Mən bilirəm ki, pensiya sistemimizin dəyişdirilməsi fransızların şüurunda suallar və qorxular yaradır" deyən Borne hökumətin vətəndaşları islahatın zəruri olduğuna inandırmağa çalışacağını bildirib.
Ölkənin aparıcı həmkarlar ittifaqlarının rəhbərləri qanuna necə reaksiya verəcəklərini müzakirə etmək üçün günün sonunda bir araya gələcəklər.
Odoxa tərəfindən aparılan sorğuya görə, beş vətəndaşdan dördünün etiraz etdiyi uzun müddətdir gecikdirilən pensiya yaşının 64-ə qaldırılması aşağı gəlirli təbəqənin onsuz da dolanmaqda çətinlik çəkdiyi bir vaxta təsadüf edir.
2017-ci ildə keçirilən prezident seçkilərində qalib gələn Makron o vaxtdan bəri fransızların “daha çox işləməli” olduğuna inandığını təkrarlayıb və pensiya sisteminin tənzimlənməsinə təkan verib.
Ancaq 2020-ci ildəki ilk islahat cəhdində xüsusən də “Sarı jiletlilər”in etirazları və Covid-19 epidemiyası səbəbiylə uğur qazana bilməyən Fransa lideri prezident seçildikdən sonra pensiya islahatını gündəminin zirvəsinə qoyub.
Lakin iyunda keçirilən parlament seçkilərində partiyasının parlamentdəki çoxluğunu itirməsi prezidentin əlini zəiflədib.
Aytac Aslan
















