Bir neçə gün öncə Belçikanın müdafiə naziri Teo Franken Moskvanı xəritədən silməklə təhdid emişdi.
Bakıvaxtı.az bildirir ki, “De Morgen” nəşrinə müsahibəsində "Putinin bir gün Brüsselə qeyri-nüvə raketi atmağa qərar verəcəyindən qorxursanmı” sualına cavab olaraq, nazir qorxmadığını və bu halda Moskvanı yerlə bir edəcəklərini söyləmişdi.
Daha sonra Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Moskvanı xəritədən silməklə hədələyən Belçikanın müdafiə naziri Teo Frankenə cavab verib. Qruşko açıqlamasında "O nazirə sual verilməlidir ki, Belçika Moskvanı yer üzündən necə silməyi planlaşdırır? Onun fikirlərinə ciddi şərh vermək mümkün deyil" sözlərini işlədib.
Bundan başqa, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "X" platformasında “Poseydon”un sınaqları ilə bağlı şərhə cavab verərkən bildirib ki, nüvə enerjisi ilə işləyən “Poseydon” sualtı qayığı Belçikada sınaqdan keçirilərsə, bütün ölkə yox ola bilər.
Rusiya və Belçikanın bir-birinə qarşı bu cür təhdidlərinin səbəbi nədir? Hesab etmək olarmı ki, dünyada yeni Rusiya-Belçika qarşıdurma ocağı yaranır?
Mövzu ilə bağlı politoloq Çingiz Şahbazi Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Belçikanın müdafiə naziri Teo Frankeni təhdidi fonunda Rusiya və NATO ölkəsi Belçika arasında qarşılıqlı olaraq rəsmi dairələrin təhdidləri səslənməkdədir və iki ölkə arasında münasibətlərdə gərginlik davam etməkdədir:
"Rusiya Xarici İşlər Nazirliyi sözçüsü Mariya Zaxarovanın jurnalistlərin suallarına cavab verərkən, bu kimi rəyləri ciddi qəbul etmədiklərini bildirməsi və "Bu sualı Frankenə ünvanlamaq lazımdır" deməsi ilə məsələnin üzərində dayanmaması bu kimi bəyanatların tərkibində ölkələri qarşı-qarşıya gətirə biləcək ciddi səbəbin olmadığını göstərir. Bu baxımdan, dünyada yeni qarşıdurma ocağı olaraq Rusiya-Belçika münaqişəsinin başlaması və bu istiqamətdə ola biləcək hər hansı bir ehtimal görünmür. Lakin açıqlamanın diplomatik və strateji nəticələri barədə Rusiya tərəfi müzakirələr aparıb. Yəni, bu kimi bəyanatların müharibə riskini nə qədər tətikliyə bilmə ehtimalı və mövcud durumun görünən və görünməyən konturları ələ alınıb".

Çingiz Şahbazi: Rusiyaya qarşı mövcud təhdidin arxasında məhz NATO-nun dayanması şübhə doğurmur
Ç. Şahbazi vurğulayıb ki, Belçikanın paytaxtı Brüssel şəhərində NATO-nun Baş qərargahı yerləşir və Rusiyaya qarşı mövcud təhdid, Belçikanın müdafiə naziri Teo Franken tərəfindən səslənsə də, bəyanatın arxasında məhz NATO-nun dayanması şübhə doğurmur. Bu baxımdan Rusiya mövcud bəyanat ətrafında müzakirələri Rusiya rəsmilərinin verdiyi bəyanatlardan dolayı Belçika üzərindən aparmır.
"Müzakirələr bütün dövrlərdə NATO və NATO-ya daxil əsas dövlətlər üzərindən ələ alınır. Belçika dövləti, heç şübhəsiz ki, NATO Baş qərargah dövləti olaraq Rusiyanın xüsusi diqqət mərkəzində yer alır və iki ölkə arasında bu kimi gərginliklərin yaşanması mümkündür. Bundan sonra da belə təhdidlərin səslənməsi, mövcud Ukrayna müharibəsi fonunda Rusiya-NATO münasibətilərindəki gərginlikdən dolayı olacaq", - deyə Çingiz Şahbazi qeyd edib.
Gülşən Şərif
 Bakı
 Bakı 


