q
  • Bakı 15° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.2717

Yolumuz Heydər Əliyev yoludur

LAYİHƏ

08 May 2026 | 14:26

Yolumuz Heydər Əliyev yoludur

6.3.9. azərbaycançılıq ideyasının təbliği – “Heydər Əliyev İli”;

Müasir dövlətçilik tarixində siyasi liderlərin rolu yalnız hakimiyyət idarəçiliyi ilə məhdudlaşmır.

Tarixin ən mürəkkəb mərhələlərində liderlər xalqların taleyini müəyyən edən əsas simalara çevrilirlər. Xüsusilə dövlət müstəqilliyini yenicə əldə etmiş, daxili və xarici təhdidlərin hədəfində olan ölkələr üçün güclü siyasi lider faktoru həyati əhəmiyyət daşıyır.

Belə məqamlarda liderdən yalnız siyasi təcrübə deyil, həm də uzaqgörənlik, milli maraqları qorumaq bacarığı, xalqı vahid məqsəd ətrafında birləşdirmək qabiliyyəti tələb olunur. Tarix sübut edir ki, düzgün lider seçimi dövlətləri böhrandan xilas edib inkişaf yoluna çıxardığı kimi, yanlış idarəçilik isə xalqları parçalanma, xaos və məğlubiyyət təhlükəsi ilə üz-üzə qoya bilir.

Azərbaycan da müstəqilliyinin ilk illərində məhz belə ağır və taleyüklü sınaqlarla qarşılaşmışdı. Sovet İttifaqının dağılmasından sonra ölkədə yaranan siyasi böhran, hakimiyyət uğrunda mübarizə, iqtisadi tənəzzül, sosial gərginlik və idarəetmədəki ciddi boşluqlar dövlətçiliyin mövcudluğunu təhlükə altına salmışdı.

Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın itirilməsi, bir milyondan artıq insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, orduda nizamsızlıq, iqtisadiyyatın iflic olması Azərbaycanı parçalanmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Həmin dövrdə ölkədə hökm sürən anarxiya və qeyri-sabitlik yalnız daxili problem deyildi, bu vəziyyət xarici qüvvələrin də Azərbaycana qarşı planlarını genişləndirməsinə zəmin yaradırdı.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib ki, siyasi liderlərin rolu millətin və xalqın inkişafı üçün qərarlar almaq, dövlətçiliyi qoruyub saxlamaq, müəyyən zaman kəsiyində, çətin situasiyada və taleyüklü məqamda cəmiyyəti qurmaqdır:

"Vacib məqamlardan biri ondan ibarətdir ki, mövcud olan durum qədər, potensial təhdidlər və qarşıda duran perspektivlər də nəzərə alınmalıdır. Təəssüf ki, müstəqillik əldə edildikdən sonra Azərbaycanın siyasi liderləri əsas vəzifələrini düzgün müəyyənləşdirə bilmədilərsə, həm də inkişaf üçün bu vəzifələri yerinə yetirə bilmədilər".

O qeyd edib ki, buna görə də Azərbaycanda yüksək yoxsulluq və işsizlik səviyyəsi, yüksək siyasi qeyri-sabitlik, korrupsiya, həyat və əmlak təhlükəsizliyinin olmaması, iqtisadiyyatın bütün sahələrində infrastruktur imkanlarının boşluğu ilə mübarizə dayanırdı:

"Bundan istifadə edən qüvvələr Azərbaycanı parçalamağa, torpaqlarını işğal etməyə, xalq olaraq əzməyə başladılar.  Xarici və daxili siyasətdə tam bir xaos, uyğunsuzluq, boşluq, hərc-mərclik hökm sürürdü. O da qeyd olunmalıdır ki, ökədəki siyasi liderləri xarakterizə edən məsələlərdən biri etibarlı və güvənilən imic formalaşdırmaqdır. Bütün bunların fövqündə qürur duyulmalı məqam isə odur ki, Azərbaycanın son dərəcə çətin dönəmində və həssas bir zamanında Ümummilli Lider Heydər Əliyev bütün yüksək keyfiyyətlərə sahib olduğundan məhz bu çətin tapşırıqların öhdəsindən gəldi".

Müsahibimizin sözlərinə görə, xalqın mənafeyini əsas tutaraq ölkəni idarə etmək vəzifəsini və fədakarlığını məhz Ulu Öndər Heydər Əliyev öz üzərinə götürdü: 

"Heydər Əliyev xalq qarşısında hesabatlılıq və şəffaflıq meyarı kimi xidmət amallarını formalaşdırdı. İnkişafı və yaxşı idarəni təşviq etmək üçün siyasi koordinasiya həyata keçirməyi bacardı. Çünki bir dövləti idarə etmək üçün xalqı təşkilatlandırmaq, onu vahid amal ətrafında birləşdirmək son dərəcə mühüm amildir. Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqını “Azərbaycançılıq” məfkurəsi ətrafında birləşdirməyi bacardı".

Şəbnəm Həsənova onu da deyib ki, hər bir xalq özü üçün sabit, təhlükəsiz və rifah dolu bir dövlət formalaşdırmaq, ölkə qurmaq istəyir:

"Bu istiqamətdə ilk növbədə liderə böyük ehtiyac yaranır. Hər xalq da buna müvəffəq olmur. Müdrik Azərbaycan xalqı 1918-ci ildə duyduğu müstəqillik duyğusuna susamışdı. Amma bu müstəqilliyi yenə qurban verə bilməzdi. Ona görə də sadəcə siyasətçi deyil, xalqa ulu öndər lazım idi. Bəli, Ulu öndərimiz Heydər Əliyev məhz bu ehtiyacı doldurmağı bacaran böyük, dahi, əvəzsiz şəxsiyyət idi. Bəli, Heydər Əliyev əvəzsiz idi, Heydər Əliyevin amalları zamansız idi. Heydər Əliyev olmasaydı bugünkü Azərbaycan olmazdı. Heydər Əliyevin ideyaları olmasaydı bu gün Qarabağ hələ də bizim qanayan yaramız idi".

Şəbnəm Həsənova: Heydər Əliyev hər çıxışı, hər sözü, hər baxışı ilə tarix yazırdı

Həmsöhbətimiz vurğulayıb ki, zaman keçdikcə baş verən proseslər bir daha sübut etdi ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi yol ən düzgün, ən korrekt yoldur. Müasir dünyada lider deyildiyi zaman klassik anlamda dərk edilən mənalardan daha fərqli mənalar ehtiva edən məsələlərin Heydər Əliyevdə cəmləşdiyini, bütünləşdiyini görürük. Məhz belə bir bütöv şəxsiyyətin idealları Azərbaycanı bütöv edə bilərdi. Cavab isə sadədir. Heydər Əliyev əsas qayəsini xalq uğrunda, vətən uğrunda, torpaq uğrunda formalaşdırmışdı.

"Heydər Əliyev son dərəcə mükəmməl ünsiyyət qurmağı bacarır, danışıqlar aparmaq qabiliyyətini hər zaman özündə saxlayır,  xarizması, insanları səfərbər etməsi, xalqı ruhlandırması ilə hər çıxışı, hər sözü, hər baxışı ilə tarix yazırdı.  Heydər Əliyev böyük bir fəlsəfədir. Heydər Əliyev məktəbi böyük bir məktəbdir. Heydər Əliyev təkcə keçmiş ümumittifaq respublikaları arasında deyil, dünya siyasətində öz izi, öz dəst-xətti olan bir xarizmatik liderdir. Belə şəxslərə dünya tarixində nadir rast gəlinir.  Bu baxımdan Azərbaycanın müstəqillik tarixi bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin həyatına nəzər yetirərkən bu həyatın keşməkeşli yollardan keçdiyini görürük. Bu dahi şəxsiyyət böyük təzyiqlərə, təhdidlərə, qurulan məkirli oyunlara qalib gələrək Azərbaycanı ayaqda tutmağı bacardı. Heydər Əliyev sübut etdi ki, Azərbaycan xalqı böyük xalqdır",- o əlavə edib.

Sonda Şəbnəm Həsənova əlavə edib ki, Heydər Əliyev özündən sonra böyük bir məktəb qoydu. Bu gün həmin məktəbin yetişdirmələri Azərbaycanın inkişaf yolundan dönməməsi istiqamətində əzmlə çalışır. Məhz Heydər Əliyev ideyalarına və ideallarına sadiq gənclərimiz Azərbaycanın gələcəyidir.

Əli Hüseynov

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR