• Bakı 20° C

    6.21 m/s

  • USD - 1.7

    EUR - 1.9759

    RUB - 2.3815

Yumşaq güc və Azərbaycanın qlobal imici

LAYİHƏ

22 May 2026 | 13:07

Yumşaq güc və Azərbaycanın qlobal imici

6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası müstəqillik dövrünün ən mühüm strateji istiqamətlərindən biri kimi çıxış edir. Dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkə qarşısında duran əsas vəzifələrdən biri beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmaq, qlobal və regional proseslərdə fəal iştirak etmək, həmçinin qarşılıqlı faydalı əməkdaşlıq platformalarını genişləndirmək olub. Bu baxımdan, Azərbaycanın xarici siyasəti balanslaşdırılmış, çoxtərəfli və milli maraqlara əsaslanan xətt üzrə formalaşaraq ölkənin dünya iqtisadi, siyasi və təhlükəsizlik sisteminə inteqrasiyasını sürətləndirib.

Hazırkı mərhələdə Azərbaycan təkcə regional aktor kimi deyil, eyni zamanda qlobal proseslərə təsir imkanlarına malik dövlət kimi çıxış edir. Enerji təhlükəsizliyi, nəqliyyat-logistika layihələri, humanitar əməkdaşlıq və beynəlxalq təşkilatlarla əlaqələr ölkənin beynəlxalq nüfuzunu artıran əsas istiqamətlərdəndir. Bu proseslər Azərbaycanın həm region ölkələri ilə münasibətlərini dərinləşdirməsinə, həm də dünya dövlətləri və beynəlxalq təşkilatlarla əməkdaşlığını genişləndirməsinə şərait yaradır. Azərbaycanın dünya birliyinə inteqrasiyası dinamik və davamlı xarakter daşıyaraq ölkənin inkişaf strategiyasının əsas sütunlarından birini təşkil edir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Cəfərov deyib ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra qlobal sistemə sürətli və balanslaşdırılmış şəkildə inteqrasiya prosesinə başlayıb:

"Bu siyasət həm dövlətin təhlükəsizliyinin möhkəmləndirilməsinə, həm iqtisadiyyatın modernləşdirilməsinə, həm də regional təşəbbüslərdə fəal iştirakına geniş imkanlar yaratmışdır. Azərbaycanın müasir xarici siyasət modeli çoxtərəfli diplomatiyaya, bərabərhüquqlu tərəfdaşlığa, milli maraqların təmin olunmasına və beynəlxalq hüquqa sadiqliyə əsaslanır".

Onun sözlərinə görə, Cənubi Qafqaz regionunda sülh və sabitliyin qorunması Azərbaycanın xarici siyasət prioritetlərindən biridir:

"Azərbaycan Türkiyə ilə münasibətlərində qardaşlıq və strateji tərəfdaşlıq modelini inkişaf etdirərək regional enerji və nəqliyyat layihələrinin əsas aparıcı qüvvəsinə çevrilmişdir. Gürcüstanla əməkdaşlıq isə ölkənin Xəzər–Qara dəniz əlaqələrində iştirakını təmin edir. Hər iki istiqamət Azərbaycanın enerji təhlükəsizliyi və tranzit imkanları baxımından mühüm rol oynayır. Azərbaycan, həmçinin Rusiya və İranla da mehriban qonşuluq prinsipləri əsasında diplomatik və iqtisadi xəttini davam etdirir. Bu münasibətlər Xəzər hövzəsində əməkdaşlıq, ticarət dövriyyəsi, kommunikasiya xətləri və regional təhlükəsizlik məsələlərini əhatə edir".

Həmsöhbətimiz bildirib ki, Azərbaycanın dünya birliyinə inteqrasiyası beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi ilə paralel şəkildə həyata keçirilir: 

"Azərbaycan Birləşmiş Millətlər Təşkilatı çərçivəsində sülh, davamlı inkişaf və təhlükəsizlik təşəbbüslərində fəal iştirak edir, müxtəlif sahələrdə qlobal çağırışlara dair mövqeyini açıq şəkildə bildirir. 2012–2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Azərbaycan beynəlxalq arenada nüfuzunu daha da artırmışdır. Bununla yanaşı, Azərbaycan Qoşulmama Hərəkatı-nın sədrliyi dövründə inkişaf etməkdə olan ölkələrin maraqlarının müdafiəsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edib".

Eldar Cəfərov vurğulayıb ki, Azərbaycanın dünya siyasətində rolunu gücləndirən əsas amillərdən biri enerji diplomatiyasıdır:

"Bakı–Tbilisi–Ceyhan, Cənub Qaz Dəhlizi və digər beynəlxalq layihələr Azərbaycanın enerji resurslarını qlobal bazarlara çıxarmaqla yanaşı, ölkəni Avropa və Asiya arasında mühüm strateji tərəfdaşa çevirmişdir. Bu layihələr həmçinin ölkənin siyasi çəkisini artıraraq onun iqtisadi cəlbediciliyini yüksəltmişdir. Azərbaycan mədəniyyətlərarası dialoqun inkişafına xüsusi önəm verir. Bakı prosesi və müxtəlif humanitar forumlar ölkənin multikultural dəyərlərə sadiqliyini nümayiş etdirir. Bu tədbirlər Azərbaycanın tolerantlıq modeli haqqında dünya miqyasında müsbət imic formalaşdırır və ölkəni qlobal humanitar mərkəzlərdən birinə çevirir. Azərbaycanın dünya birliyinə inteqrasiyası ardıcıl, praqmatik və çoxvektorlu siyasət nəticəsində sürətlə inkişaf edir. Regional əməkdaşlıq, beynəlxalq təşkilatlarla əlaqələr, enerji diplomatiyası və humanitar təşəbbüslər ölkənin qlobal mövqeyini daha da gücləndirir. Bu istiqamətlərdə davamlı fəaliyyət Azərbaycanın həm regionda, həm də beynəlxalq miqyasda etibarlı tərəfdaş və sülhün təşviqatçısı kimi mövqeyini möhkəmləndirir".

Eldar Cəfərov: Bu tədbirlər vasitəsilə Azərbaycan dünyada müasir, dinamik və açıq ölkə obrazı formalaşdırmış, turizm və beynəlxalq əlaqələr sahəsində də yeni imkanlar əldə etmişdir

Ekspertin fikrincə, Azərbaycanın dünya birliyində mövqeyinin formalaşmasında mühüm rol oynayan istiqamətlərdən biridir: 

"Müasir beynəlxalq münasibətlərdə dövlətlərin nüfuzu təkcə iqtisadi güc və ya siyasi təsir imkanları ilə deyil, həm də mədəniyyət, humanitar dəyərlər və ictimai diplomatiya vasitəsilə ölçülür. Bu baxımdan, Azərbaycan multikulturalizm ənənələrini dövlət siyasətinin tərkib hissəsinə çevirərək özünü tolerantlıq və mədəni müxtəliflik nümunəsi kimi təqdim edir. Ölkədə müxtəlif etnik və dini qrupların dinc birgəyaşayışı, tarixi dözümlülük mühiti və dinlərarası dialoq təşəbbüsləri Azərbaycanın beynəlxalq imicinə müsbət təsir göstərən əsas amillərdəndir. Eyni zamanda, mədəniyyət diplomatiyası Azərbaycanın yumşaq güc strategiyasının əsas sütunlarından birini təşkil edir. Bakı Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumları kimi beynəlxalq tədbirlər ölkənin qlobal humanitar gündəlikdə fəal iştirakını nümayiş etdirir. Bu platformalar vasitəsilə Azərbaycan təkcə öz mədəni irsini təqdim etmir, həm də qlobal problemlərin müzakirəsinə töhfə verən dialoq məkanı rolunu oynayır".

Müsahibimiz onu da əlavə edib ki, idman diplomatiyası da Azərbaycanın beynəlxalq imicinin güclənməsində xüsusi əhəmiyyət kəsb edir:

"Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və Formula 1 kimi nüfuzlu beynəlxalq yarışların Bakıda keçirilməsi ölkənin təşkilati imkanlarını və qlobal səviyyədə etibarlı tərəfdaş olduğunu nümayiş etdirmişdir. Bu tədbirlər vasitəsilə Azərbaycan dünyada müasir, dinamik və açıq ölkə obrazı formalaşdırmış, turizm və beynəlxalq əlaqələr sahəsində də yeni imkanlar əldə etmişdir. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası və beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ölkənin müasir inkişaf strategiyasının əsas istiqamətlərindən biri kimi çıxış edir. Müstəqillik dövründə həyata keçirilən məqsədyönlü və çoxvektorlu xarici siyasət nəticəsində Azərbaycan regional və qlobal miqyasda etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirmişdir".

Sonda o söyləyib ki, enerji diplomatiyası, nəqliyyat-logistika layihələri, beynəlxalq təşkilatlarla əməkdaşlıq və humanitar təşəbbüslər ölkənin dünya iqtisadi və siyasi sisteminə daha dərindən inteqrasiyasını təmin edib. Bu proseslər yalnız iqtisadi və siyasi dividentlər yaratmaqla kifayətlənməyərək, eyni zamanda Azərbaycanın beynəlxalq nüfuzunu artırmış, onu regionda sabitlik və əməkdaşlığın mühüm aktoruna çevirib: 

"Azərbaycanın həyata keçirdiyi xarici siyasət kursu göstərir ki, ölkə qlobal çağırışlara uyğunlaşan, beynəlxalq hüquqa əsaslanan və qarşılıqlı maraqlara söykənən əməkdaşlıq modelini uğurla davam etdirir. Bu isə gələcəkdə Azərbaycanın dünya birliyində rolunun daha da güclənəcəyinə və beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənəcəyinə əsaslı zəmin yaradır".

Əli Hüseynov

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR

21 May 2026