• Bakı 23° C

    11.32 m/s

  • USD - 1.7

    EUR - 1.9632

    RUB - 2.3552

Uşaqlar yay tətilində nə etməlidirlər? Mütəsəxxislərdən YOL XƏRİTƏSİ

LAYİHƏ

12 Iyun 2026 | 11:14

Uşaqlar yay tətilində nə etməlidirlər? Mütəsəxxislərdən YOL XƏRİTƏSİ

6.3.19. Uşaq və gənclərin fiziki və mənəvi inkişafı.

Uşaqların və gənclərin hərtərəfli inkişafı müasir dövrdə cəmiyyət qarşısında duran əsas məsələlərdən biri hesab olunur. Çünki hər bir ölkənin gələcək inkişafı onun gənc nəslinin hansı biliklərə, bacarıqlara və dəyərlərə sahib olmasından birbaşa asılıdır.

Sürətlə dəyişən dünyada artıq yalnız ənənəvi biliklərə yiyələnmək kifayət etmir. Müasir dövr gənclərdən yaradıcı düşüncə, texnoloji bacarıqlar, sosial uyğunlaşma, ünsiyyət qabiliyyəti və daim öyrənmək vərdişi tələb edir. Bu baxımdan uşaqların və gənclərin inkişafına yalnız təhsil müəssisələrində əldə olunan nəticələr kimi deyil, daha geniş və kompleks proses kimi yanaşmaq lazımdır. Azərbaycan cəmiyyətində də uşaqların və gənclərin inkişafı daim diqqət mərkəzində olan istiqamətlərdən biridir.

Ölkədə gənclərin təhsil imkanlarının genişləndirilməsi, onların müxtəlif sahələrdə bilik və bacarıqlar əldə etməsi, ictimai fəaliyyətlərdə iştirakının artırılması istiqamətində müxtəlif layihələr həyata keçirilir. Təhsil müəssisələri ilə yanaşı, dövlət qurumları, gənclər təşkilatları, qeyri-hökumət təşkilatları və müxtəlif təşəbbüslər uşaqların və gənclərin inkişafına yönəlmiş proqramlar təqdim edir. Bu proqramlar arasında təlimlər, düşərgələr, könüllülük layihələri, idman fəaliyyətləri, yaradıcılıq proqramları və peşə yönümlü kurslar xüsusi yer tutur.

Uşaqların inkişafında əsas mərhələlərdən biri onların asudə vaxtının necə təşkil olunmasıdır. Xüsusilə yay tətili dövrü bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Tədris ili ərzində şagirdlər məktəb dərsləri, imtahanlar və müxtəlif öhdəliklərlə məşğul olur, vaxtlarının böyük hissəsini formal təhsil prosesinə ayırırlar. Yay ayları isə onlara daha sərbəst zaman imkanları yaradır. Bu müddət yalnız istirahət etmək və gündəlik rejimdən uzaqlaşmaq üçün deyil, eyni zamanda yeni biliklər əldə etmək, bacarıqları inkişaf etdirmək, maraq dairəsini genişləndirmək və gələcək məqsədləri müəyyənləşdirmək baxımından mühüm fürsət hesab oluna bilər. Yay tətilinə yanaşma son illərdə dəyişməkdədir. Əvvəllər tətil daha çox dərslərdən uzaqlaşma və istirahət dövrü kimi qəbul edilirdisə, müasir yanaşmaya görə bu dövr uşaqların şəxsi inkişafı üçün əlavə imkanlar yaradan mərhələdir. Tətil zamanı qazanılan bacarıqlar, əldə olunan təcrübələr və iştirak edilən fəaliyyətlər uşaqların gələcək seçimlərinə təsir göstərə bilər. Məhz bu səbəbdən uşaqların yay aylarını necə keçirməsi onların həm akademik, həm sosial, həm də şəxsi inkişafında mühüm rol oynayır.

Müasir dünyada uşaqların inkişaf anlayışı da genişlənib. Əvvəllər əsas diqqət daha çox məktəb qiymətlərinə və akademik göstəricilərə yönəlirdisə, bu gün uğurun formalaşmasında əlavə bacarıqların da böyük əhəmiyyəti vurğulanır. Xarici dil bilikləri, texnologiyadan istifadə bacarığı, liderlik xüsusiyyətləri, komanda işi, tənqidi düşüncə, problemləri həll etmə qabiliyyəti və yaradıcı yanaşma gənclərin gələcək imkanlarını artıran əsas faktorlar sırasında göstərilir. Azərbaycan reallığında da bu istiqamətlərə maraq son illərdə artmaqdadır. Gənclər üçün müxtəlif təhsil platformaları, onlayn resurslar, inkişaf proqramları və peşə yönümlü kurslar əlçatan olub. Xüsusilə informasiya texnologiyaları, proqramlaşdırma, süni intellekt, rəqəmsal bacarıqlar və xarici dillər kimi sahələrdə əlavə biliklərə ehtiyac daha da artır. Çünki gələcəyin əmək bazarı yalnız diplom və nəzəri biliklərlə kifayətlənməyən, praktiki bacarıqlara sahib olan şəxslərə daha çox ehtiyac duyur.

Bununla yanaşı, uşaqların və gənclərin inkişafı yalnız texniki və akademik bacarıqlarla məhdudlaşmır. Şəxsiyyət kimi formalaşma prosesi də mühüm əhəmiyyət daşıyır. Uşağın öz fikrini ifadə edə bilməsi, insanlarla düzgün ünsiyyət qurması, komanda daxilində fəaliyyət göstərməsi, məsuliyyət hissinə sahib olması və sosial məsələlərə həssas yanaşması onun gələcək həyatında vacib rol oynayır. Bu baxımdan yay tətili dövründə sosial fəaliyyətlər, könüllülük proqramları, müxtəlif qrup layihələri və yaradıcı məşğələlər uşaqların sosial bacarıqlarının inkişafına kömək edə bilər. Ailə də uşaqların inkişaf prosesində əsas rol oynayan amillərdən biridir. Valideynlərin uşaqların maraqlarını və bacarıqlarını düzgün qiymətləndirməsi, onların seçimlərinə hörmət etməsi və inkişaf imkanları yaratması vacibdir. Bəzən valideynlər uşağın bütün vaxtını əlavə dərslərlə və kurslarla doldurmağa çalışırlar. Lakin mütəxəssislər hesab edirlər ki, əsas məqsəd uşağı həddindən artıq yükləmək deyil, onda öyrənməyə maraq yaratmaq və öz potensialını kəşf etməsinə şərait yaratmaqdır. Hər bir uşağın fərqli maraq dairəsi və inkişaf istiqaməti olduğu nəzərə alınmalıdır. Bəzi uşaqlar elm və texnologiyaya, digərləri incəsənətə, idmana və ya sosial fəaliyyətlərə daha çox maraq göstərə bilər. Buna görə də yay proqramlarının hazırlanması zamanı uşağın fərdi xüsusiyyətləri nəzərə alınmalı, onun özünü rahat hiss etdiyi və inkişaf edə biləcəyi istiqamətlər seçilməlidir.

Müasir dövrdə uşaqların inkişafına təsir edən əsas məsələlərdən biri də rəqəmsal texnologiyalardır. İnternet, sosial şəbəkələr və müxtəlif rəqəmsal platformalar uşaqlar üçün həm imkan, həm də müəyyən risklər yaradır. Düzgün istifadə edildikdə texnologiyalar yeni biliklər əldə etmək, onlayn təhsil imkanlarından yararlanmaq və yaradıcı layihələr həyata keçirmək üçün mühüm vasitəyə çevrilə bilər. Lakin həddindən artıq istifadə uşaqların fiziki aktivliyinin azalmasına, sosial münasibətlərinin zəifləməsinə və vaxtın səmərəsiz keçirilməsinə səbəb ola bilər. Bu baxımdan yay tətilində əsas məsələlərdən biri də balansın qorunmasıdır. Uşaqlar həm istirahət etməli, həm əylənməli, həm də gələcək inkişafları üçün faydalı fəaliyyətlərə vaxt ayırmalıdırlar. Fiziki aktivlik, kitab oxumaq, yeni bacarıqlar öyrənmək, dostlarla ünsiyyət qurmaq və yaradıcı fəaliyyətlərdə iştirak etmək sağlam inkişaf üçün vacib hesab olunur.

Yay tətili həmçinin uşaqların özlərini tanıması üçün mühüm dövrdür. Bu müddətdə müxtəlif sahələri sınamaq, yeni maraqlar kəşf etmək və fərqli təcrübələr qazanmaq onların gələcək seçimlərinə təsir edə bilər. Məsələn, bir uşaq yay düşərgəsində iştirak etməklə liderlik bacarıqlarını kəşf edə, başqa biri texnologiya kursu vasitəsilə gələcək peşə istiqamətini müəyyənləşdirə bilər. Bütün bunlar göstərir ki, yay tətili sadəcə vaxt keçirmək üçün deyil, uşaqların və gənclərin gələcəyinə investisiya etmək üçün mühüm imkanlardan biridir. Düzgün təşkil olunan yay proqramları uşaqların həm bilik səviyyəsini artırır, həm də onların sosial və şəxsi bacarıqlarının inkişafına şərait yaradır.

Vüsat Əzizov: Müasir dövrdə məktəb dərslərindən başqa əlavə bacarıqlar da önəmlidir

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasınsa təhsil eksperti Vüsat Əzizov bildirib ki, tətili uşaqlar və gənclər üçün sadəcə istirahət dövrü deyil, həm də gələcək uğurları üçün bacarıqlar qazanmaq imkanıdır. Onun sözlərinə görə, yay tətilini 3 istiqamətdə bölərək inkişaf istiqamətlərini müəyyənləşdirmək olar:

“1-ci istiqamət kimi akademik inkişafı qeyd etmək olar. Məqsəd dərs yükünü artırmaq deyil, maraq oyatmaqdır. Xarici dil öyrənmək (ingilis dili başda olmaqla), riyaziyyat və məntiq bacarıqlarını gücləndirmək, proqramlaşdırmanın əsaslarını öyrənmək və s. ola bilər. Faydalı platformalarda elmi-populyar kitablar oxumaq, araşdırma və təqdimat hazırlamağı öyrənmək olar.

2-ci istiqamət kimi isə rəqəmsal və gələcəyin bacarıqlarını öyrənməyi qeyd etmək olar”.

Müsahibimizin fikrincə, müasir dövrdə məktəb dərslərindən başqa da əlavə bacarıqlar da önəmlidir:

“Qeyd olunan istiqamətlərə isə süni intellektdən istifadə, proqramlaşdırma, qrafik dizayn, video montaj, rəqəmsal marketinq, robototexnika, data analitikası qeyd edilməlidir. 3-cü istiqamət isə şəxsi inkişaf və liderlik bacarıqlarını qeyd etmək olar. Bir çox valideyn yalnız dərslərə fokuslanır, amma gələcəkdə uğurun böyük hissəsi yumşaq bacarıqlardan (soft skills) asılıdır. Buna görə də ünsiyyət bacarıqları, liderlik, komanda işi, tənqidi düşüncə, vaxtın idarə olunması, maliyyə savadlılığı kimi sahələrdə inkişaf etmək önəmli məsələlərdəndir”.

Ekspert vurğulayıb ki, müxtəlif dövlət qurumlarında könüllülük fəaliyyətləri də kifayət qədət təcrübə qazanmağa kömək edə bilər:

“Təbii ki, qeyd olunan tövsiyələr yaş kateqoriyasına görə də dəyişir. 8-12 yaş aralığında olan məktəblilər kitab oxuma vərdişi formalaşdıra, şahmat, idman və üzgüçülük ilə məşğul ola, həmçinin İngilis dilini təkmilləşdirə bilər. 13-16 yaş aralığında olanlara isə python proqramlaşdırmasını öyrənmək, debat və nitq bacarıqlarını artırmaq, könüllülük fəaliyyəti ilə məşğul olmaq daha məqsədəuyğundur”.

Vüsət Əzizov əlavə edib ki, 17-22 yaş aralığındakı gənclər peşə yönümlü kurslarda iştirak edə, süni intellekt alətləri ilə işləmək bacarığını inkişaf etdirə, təcrübə proqramları iştirak edə, startap və sahibkarlıq layihələri ilə məşğul ola bilər. Həmsöhbətimiz onu da vurğulayıb ki, yay tətili üçün nümunə olaraq proqram tərtib etmək daha səmərəlidir:

“Məsələn həftədə 20-25 saat ərzində qeyd edilən bəzi səmərəli fəaliyyətlərlə məşğul olmaq kifayət edər. Nümunə kimi həftədə 5 saat xarici dil, 5 saat texniki bacarıq (kodlaşdırma, dizayn və s.), 4 saat kitab oxuma, 4 saat idman, 2 saat könüllülük və ya sosial fəaliyyət gənclərə daha xoş ovqat bağışlayar, həm də zamanlarından düzgün istifadə etmiş olarlar”.

Müsahibimizə görə, ən vacib məqam budur ki, gənclər yay tətili ərzində yeni bir bacarıq qazansın, ən azı bir layihə hazırlasın, bir kitab siyahısını tamamlasın, fiziki aktivliyini artırsın və özünü inkişaf etdirsin.

Yusif Nəbiyev: Yay tətili məktəb proqramından kənar kitablar, sənədli filmlər və yeni sahələrlə tanış olmaq üçün ideal perioddur

Sosioloq Yusif Nəbiyev isə Bakıvaxtı.az-a qeyd edib ki, yay tətilinin istirahət dövrü olmasını nəzərə almaq şərtilə bir kənara qoysaq və onun sırf inkişafımıza necə töhvə verə biləcəyinə fokuslansaq, deyə bilərik ki, yay tətilinin ən önəmli xüsusiyyəti budur ki, şagirdlər formal təhsilə fasilə verirlər. Bu, onların daha fərqli təhsil və öyrənmə formalarına zaman ayırmasına imkan verir:

“Belə olan təqdirdə, mütləqdir ki, fürsətdən istifadə edib formal təhsilin verə bilmədiyi bacarıqları qazanmağa çalışmaq lazımdır”.

Ekspertin sözlərinə görə, təəssüf ki, bir çox valideyn və şagird tətili ya tam boşluq, ya da növbəti dərs ilinə hazırlıq periodu kimi görür:

“Halbuki müasir dünyada uğuru müəyyən edən amil təkcə akademik bilik deyil, ünsiyyət, tənqidi düşüncə, komanda işi və problem həll etmə bacarıqları, təzyiq altında işləmə, çevik qərar qəbuletmə kimi bacarıqlar da çox önəmlidir. Heç kimə sirr deyil ki, insanın gələcək imkanlarını təkcə onun məktəb qiymətləri yox, eləcə də, qazandığı əlavə bilik, bacarıq və təcrübələr də müəyyən edir”.

Müsahibimiz vurğulayıb ki, məktəblilər yay aylarında könüllülük proqramlarına, yay düşərgələrinə, mümkünsə, kitab müzakirə klublarına, idman fəaliyyətlərinə və müxtəlif yaradıcılıq kurslarına qoşulmalıdırlar:

“Xüsusilə, könüllü fəaliyyətlər gənclərin sosial məsuliyyət hissini və ünsiyyət bacarıqlarını inkişaf etdirmək üçün çox vacibdir. Amma maraqlıdır ki, bir çox gənc saatlarla vaxtını sosial şəbəkələrdə başqalarının həyatını izləməyə sərf edə bildiyi halda, öz həyatına investisiya etməyə "vaxt tapa bilmir". Halbuki, bəzən bir yay düşərgəsi, bir könüllü layihə və ya təsadüfən oxunan bir kitab insanın gələcək peşəsini və həyat yolunu müəyyən etməyi bacarır”.

Yusif Nəbiyevin xüsusilə qeyd etmək istədiyi məsələ isə oxuma vərdişidir:

“Yay tətili məktəb proqramından kənar kitablar, sənədli filmlər və yeni sahələrlə tanış olmaq üçün ideal perioddur. Amma unudulmamalıdır ki, burada məqsəd şagirdi fasiləsiz məşğul saxlamaq yox, onda öyrənməyə maraq yaratmaqdır. Şübhəsizdir ki, gələcəkdə uğurlu olanlar ən çox məlumatı əzbərləyə bilənlər yox, öyrənmə prosesini hansısa yaşa çatdıqdan sonra belə dayandırmayanlar olur. Məktəb qiymətləri əvvəl-axır unudulur, amma qazanılmış təcrübə və bacarıqlar uzun müddət aktuallığını qoruya bilir”.

Aynur Babazadə

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Iyun 2026