6.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi;
26 iyun – Azərbaycan Respublikasında Silahlı Qüvvələr Günü təkcə bir təqvim tarixi deyil, dövlətçiliyin, milli iradənin və suverenliyin rəmzinə çevrilmiş mühüm bir gündür. Bu tarix müasir Azərbaycan Ordusunun formalaşmasının başlanğıcı kimi qəbul edilir və hər il ölkənin hər yerində geniş şəkildə qeyd olunur.
Lakin bu günün mahiyyətini yalnız hərbi paradlar, rəsmi mərasimlər və təntənəli tədbirlər çərçivəsində deyil, daha dərin tarixi, siyasi və mənəvi kontekstdə anlamaq lazımdır. Çünki Silahlı Qüvvələr Günü Azərbaycan dövlətinin müstəqillik yolunda keçdiyi çətin mərhələlərin, əldə etdiyi nailiyyətlərin və milli təhlükəsizliyin təmin olunması istiqamətində atdığı addımların simvolik ifadəsidir.
Azərbaycan Ordusunun tarixi XX əsrin əvvəllərinə, Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı dövrə qədər gedib çıxır. 1918-ci ildə müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyəti qısa ömür sürməsinə baxmayaraq, milli ordu quruculuğu istiqamətində mühüm addımlar atmışdı. Lakin sonrakı sovet dövründə bu proseslər fərqli siyasi sistem daxilində davam etmiş, milli ordu anlayışı mərkəzləşdirilmiş sovet hərbi strukturu çərçivəsində formalaşmışdı. Buna görə də müasir Azərbaycan Ordusunun tarixi daha çox 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonrakı dövrlə əlaqələndirilir. Məhz həmin dövrdən etibarən ölkə öz silahlı qüvvələrini müstəqil şəkildə formalaşdırmağa başladı və bu proses olduqca mürəkkəb, ziddiyyətli və çətin şəraitdə həyata keçirildi.
1990-cı illərin əvvəlləri Azərbaycan üçün həm siyasi, həm də hərbi baxımdan ağır sınaq dövrü idi. Dövlət müstəqilliyinin yeni bərpa olunduğu bir vaxtda ölkə daxili sabitlik problemləri, iqtisadi çətinliklər və eyni zamanda Ermənistanla davam edən müharibə ilə üz-üzə qalmışdı. Belə bir şəraitdə ordu quruculuğu prosesi təkcə hərbi strukturun yaradılması deyil, həm də dövlətin mövcudluğunun qorunması məsələsi idi. Məhz bu dövrdə Silahlı Qüvvələrin formalaşması istiqamətində sistemli addımların atılması zərurətə çevrildi və 26 iyun tarixinin rəsmi şəkildə Silahlı Qüvvələr Günü kimi təsbit olunması bu prosesin ideoloji və dövlətçilik baxımından mühüm mərhələsinə çevrildi.
Bu gün Azərbaycan Ordusu regionun ən güclü və ən peşəkar ordularından biri kimi qəbul edilir. Onun inkişafı təkcə silahlanma və texniki təminatla ölçülmür, eyni zamanda şəxsi heyətin peşəkarlığı, nizam-intizamı, döyüş ruhu və vətənpərvərlik səviyyəsi ilə də xarakterizə olunur. Ordunun müasir inkişaf mərhələsi xüsusilə son onilliklərdə həyata keçirilən islahatlarla daha da sürətlənmişdir. Peşəkar kadr hazırlığı, hərbi təhsil sisteminin təkmilləşdirilməsi, beynəlxalq təcrübənin mənimsənilməsi və müasir texnologiyaların tətbiqi Azərbaycan Silahlı Qüvvələrinin inkişafında mühüm rol oynamışdır.
Azərbaycan Ordusunun tarixində xüsusi yer tutan ən mühüm hadisələrdən biri 2020-ci ildə baş vermiş Vətən müharibəsidir. 44 gün davam edən bu müharibə Azərbaycan Silahlı Qüvvələrinin gücünü, peşəkarlığını və döyüş qabiliyyətini bütün dünyaya nümayiş etdirdi. Bu müharibə nəticəsində Azərbaycan uzun illər işğal altında qalmış ərazilərinin böyük hissəsini azad etdi və ərazi bütövlüyünü bərpa etdi. Bu qələbə təkcə hərbi uğur deyil, həm də milli birliyin, xalq-ordu həmrəyliyinin və dövlət siyasətinin məntiqi nəticəsi idi. Məhz bu səbəbdən 26 iyun – Silahlı Qüvvələr Günü artıq yalnız ordu quruculuğunun deyil, həm də qələbə tarixinin simvolu kimi qəbul edilir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən polkovnik Şair Ramaldanov deyib ki, hərbi xidmətin uğurlu icrasının əsas dayaqlarından biri məhz şəxsi heyətin mənəvi-psixoloji vəziyyətidir. Bu amil nə qədər yüksək olarsa, nizam-intizam, peşəkarlıq və tapşırıqların icrası da bir o qədər səmərəli olur. Bu anlayış bəzən vətənpərvərlik ruhu ilə eyni məna daşıyan bir faktor kimi də dəyərləndirilir.
Ekspertin fikrincə, Azərbaycan Ordusunda bu istiqamət uzun illərdir sistemli şəkildə araşdırılır, müxtəlif ölkələrin təcrübələri öyrənilir və elmi əsaslarla tətbiq olunur. Orduda xüsusi hazırlıq keçmiş zabitlər bu prosesin daha peşəkar şəkildə həyata keçirilməsində mühüm rol oynayır.
Azərbaycan Ordusunun mənəvi-psixoloji mühitinin formalaşması təkcə hərbi strukturla məhdudlaşmır. Bu proses ailədən başlayaraq məktəbə, ordudan isə cəmiyyətə qədər uzanan geniş bir sistemin nəticəsidir. Vətənpərvərlik ruhunun formalaşması istiqamətində dövlət səviyyəsində həyata keçirilən siyasət, təhsil müəssisələrində aparılan maarifləndirmə işləri və cəmiyyətdə formalaşan münasibət bu sistemin əsas dayaqlarını təşkil edir.

Şair Ramaldanov, ehtiyatda olan polkovnik
Şair Ramaldanov qeyd edib ki, Vətən müharibəsinə qədər aparılan məqsədyönlü işlər öz real nəticəsini 2020-ci il savaşında və ondan sonrakı antiterror tədbirlərində göstərdi. Azərbaycan əsgərinin yüksək mənəvi dayanıqlığı qısa müddətdə əməliyyatların uğurla başa çatmasına ciddi təsir göstərdi.
Onun sözlərinə görə, bu gün Azərbaycan Ordusunun şəxsi heyəti təkcə döyüş meydanında deyil, beynəlxalq təlimlərdə və əməkdaşlıq platformalarında da yüksək peşəkarlıq nümayiş etdirir. Azərbaycan hərbçilərinin nizam-intizamı və psixoloji hazırlığı müxtəlif ölkələrin nümayəndələri tərəfindən də müsbət qiymətləndirilir.
Polkovnik həmçinin vurğulayıb ki, orduya gələn gənclər artıq müəyyən mənəvi hazırlıqla xidmətə başlayırlar. Cəmiyyət, ailə və təhsil mühitində formalaşan vətənpərvərlik ruhu onların ordu həyatına adaptasiyasını daha da asanlaşdırır.
26 İyun – Silahlı Qüvvələr Günü Azərbaycan Ordusunun keçdiyi şərəfli yolun, qazandığı zəfərlərin və formalaşdırdığı güclü milli ruhun təntənəsidir. Bu gün Azərbaycan əsgərinin döyüş ruhu, intizamı və vətənə sədaqəti dövlətin təhlükəsizliyinin və suverenliyinin əsas təminatlarından biri kimi xüsusi qürurla qeyd olunur.
Bakıvaxtı.az-a açıqlamasında Azərbaycan Ordusunun gücü və qüdrətindən bəhs edən deputat Vüqar Rəhimzadə bildirib ki, Silahlı Qüvvələrimizin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində uzun illərdir ardıcıl və məqsədyönlü addımlar atılır. O vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev hər zaman Azərbaycanın heç bir zaman başqa dövlətlərin torpaqlarına iddia etmədiyini, işğalçılıq siyasəti aparmadığını xüsusi qeyd edirdi. Azərbaycanın güclü ordu qurmaq istəyi yalnız öz torpaqlarını azad etmək, ərazi bütövlüyünü təmin etmək, sərhədlərini qorumaq və dövlət müstəqilliyini möhkəmləndirmək məqsədindən qaynaqlanırdı.
Deputatın sözlərinə görə, məhz Ulu Öndərin uzaqgörən və strateji yanaşması nəticəsində Azərbaycan ordu quruculuğunda beynəlxalq əməkdaşlığa xüsusi önəm verdi. Xüsusilə NATO ilə formalaşdırılan səmərəli tərəfdaşlıq Silahlı Qüvvələrin modernləşdirilməsi və müasir standartlara uyğunlaşdırılması baxımından mühüm rol oynadı. Azərbaycan 1994-cü ildə NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, 1996-cı ildə “Planlaşdırma və analiz prosesi”nə, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşulmaqla ordu quruculuğunda yeni mərhələyə qədəm qoydu. Bu əməkdaşlıq çərçivəsində minlərlə azərbaycanlı hərbçi beynəlxalq təlim və proqramlarda iştirak edərək müasir hərbi biliklərə və təcrübəyə yiyələndi. Kosovoda, Əfqanıstanda və İraqda həyata keçirilən sülhməramlı missiyalarda iştirak da ordumuzun peşəkarlığının artmasına ciddi töhfə verdi və nəticədə Azərbaycan Ordusu müasir hərbi gücə çevrildi.
Vüqar Rəhimzadə qeyd edib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan Ordusu inkişafın keyfiyyətcə yeni mərhələsinə yüksəlib. Hərbçilərin peşəkarlıq səviyyəsinin artırılması, şəxsi heyətin döyüş əzminin və mənəvi-psixoloji hazırlığının möhkəmləndirilməsi, ordunun ən müasir silah və texnika ilə təmin olunması istiqamətində görülən işlər Silahlı Qüvvələrimizi regionun ən qüdrətli ordusuna çevirib. Təsadüfi deyil ki, müxtəlif beynəlxalq reytinqlərdə Azərbaycan Ordusu Cənubi Qafqazın lider hərbi qüvvəsi kimi göstərilir və dünyanın güclü orduları sırasında yer alır.
Deputat vurğulayıb ki, Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması da ordu quruculuğunda mühüm mərhələ olub. Hazırda ölkəmizdə mindən artıq adda hərbi təyinatlı məhsul istehsal edilir, yerli müdafiə sənayesinin məhsulları beynəlxalq sərgilərdə nümayiş etdirilir. Bu isə ordunun silah, sursat və texnika ilə təminatında xarici asılılığın azalmasına, milli müdafiə imkanlarının daha da genişlənməsinə şərait yaradır.

Vüqar Rəhimzadə, deputat
Millət vəkili bildirib ki, Azərbaycan Ordusunun gücü və peşəkarlığı son illərdə baş vermiş mühüm hərbi-siyasi hadisələr zamanı özünü tam şəkildə nümayiş etdirib. 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı, 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər, eləcə də 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri ordumuzun yüksək döyüş hazırlığını, möhkəm iradəsini və qalibiyyət ruhunu bütün dünyaya göstərdi. Məhz bu uğurlar nəticəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edildi.
Vüqar Rəhimzadənin fikrincə, Azərbaycan Ordusunun uğurlarının əsasında yalnız müasir silah və hərbi texnika deyil, eyni zamanda güclü vətənpərvərlik ruhu dayanır. O qeyd edib ki, İkinci Qarabağ müharibəsi zamanı orduda bir nəfər belə fərari olmayıb. Əksinə, yaralanan əsgər və zabitlər qısa müddətdə sağalaraq yenidən döyüş meydanına qayıtmaq istəklərini bildirirdilər. Bu fakt Azərbaycan əsgərinin Vətənə bağlılığının, dövlətə sədaqətinin və milli ruhunun ən parlaq təzahürlərindən biridir.
Deputat xatırladıb ki, Ulu Öndər Heydər Əliyev ordunun gücünün və qələbə əzminin əsasını məhz vətənpərvərlik hissində görürdü. Hər bir əsgər, zabit və döyüşçü Vətənə, torpağa, dövlətə və xalqa sədaqəti hər şeydən üstün tutmalıdır. Məhz bu ali keyfiyyətlər Azərbaycan əsgərini gücləndirir, ordumuzu qələbədən-qələbəyə aparır.
Millət vəkili əlavə edib ki, son illərdə dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərclərinin artırılması da Prezident İlham Əliyevin ordu quruculuğuna verdiyi xüsusi önəmin göstəricisidir. Belə ki, 2025-ci ildə müdafiə və təhlükəsizlik sahəsinə ayrılan vəsaitin 8 milyard 396,3 milyon manata, 2026-cı ildə isə 8 milyard 714,8 milyon manata çatdırılması ordunun maddi-texniki bazasının daha da möhkəmlənməsinə, döyüş qabiliyyətinin yüksəlməsinə və hərbçilərin sosial rifahının yaxşılaşdırılmasına xidmət edir.
Vüqar Rəhimzadə qeyd edib ki, Zəfər paradları da Azərbaycan Ordusunun qüdrətinin və dövlətimizin gücünün təntənəli nümayişinə çevrilib. 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən Zəfər paradı, 2023-cü ildə Xankəndidə təşkil olunan hərbi parad, eləcə də Vətən müharibəsində Qələbənin ildönümlərinə həsr edilən möhtəşəm tədbirlər Azərbaycanın artıq qalib dövlət, müzəffər xalq və qüdrətli ordu sahibi olduğunu bütün dünyaya nümayiş etdirib.
Deputatın sözlərinə görə, bu gün qarşıda duran əsas vəzifələrdən biri ordumuzun daha da gücləndirilməsi, onun Türkiyə Silahlı Qüvvələri modelinə uyğun şəkildə yenidən formalaşdırılması, hərbi-texniki imkanlarının genişləndirilməsi və milli hərbi sənayenin inkişafının sürətləndirilməsidir. Türkiyə ilə hərbi əməkdaşlıq, ortaq təcrübə mübadiləsi və birgə sənaye layihələri Azərbaycan Ordusunun daha peşəkar, çevik və güclü hərbi struktura çevrilməsində mühüm rol oynayır.
Əli Hüseynov
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
Bakı 




