Rusiyanın Nijni Novqorod şəhərində təhsil alan 19 yaşlı tələbə Anya Taylandda itkin düşüb.
Bakıvaxtı.az xəbər verir ki, geodeziya ixtisası üzrə ikinci kursda oxuyan gənc qız mayda bütün yığımlarını götürərək yoxa çıxıb. Ailəsinin sözlərinə görə, Anya pula qənaətlə yanaşıb, valideynlərindən aldığı cib xərclərini də yığıb. O, hətta qardaşına 350 min rubl borc verib.
Mayın ortalarında qız qardaşından borcunu qaytarmasını istəyib, əldə etdiyi bütün pulları topladıqdan sonra isə yoxa çıxıb. Bir neçə gün sonra anası Anya tərəfindən göndərilən mesajı alıb.
“Mənimlə hər şey yaxşıdır, məni qaçırmayıblar. Arzuma doğru gedirəm, ona görə də məni axtarmayın” deyə, qız mesajında yazıb.
Lakin ailə onun istəyinə əməl etməyərək polisə müraciət edib. Məlumata görə, istintaq orqanları müraciəti qəbul etməkdən imtina edib. Ailə isə sonradan Anyanın mayın 19-da Çinə uçduğunu, mayın 21-də isə Taylanda getdiyini öyrənib.
Yaxınları onun insan alverinin qurbanı ola biləcəyindən və ya oğurlandığından şübhələnirlər. Ailə üzvləri Anyanın yaxşı oxuduğunu, heç kimlə münaqişəsinin olmadığını və xüsusilə qardaşı ilə çox yaxın münasibətinin olduğunu bildirirlər.
Ötən həftəsonu Myanma sərhədində döyülmə izləri olan, vəziyyəti ağır 19 yaşlı rusiyalı qızın tapılması ailədə ümid yaradıb. Lakin sonradan onun Anya olmadığı məlum olub. Qızın qardaşı yayılan fotodakı şəxsin bacısı olmadığını təsdiqləyib.
Bakı 



