• Bakı 27° C

    8.89 m/s

  • USD - 1.7

    EUR - 1.9593

    RUB - 2.051

Naxçıvanın yeni strateji dövrü: regional nəqliyyat, enerji və inkişaf mərkəzinə doğru

SİYASƏT

14 Avqust 2026 | 11:05

Naxçıvanın yeni strateji dövrü: regional nəqliyyat, enerji və inkişaf mərkəzinə doğru

Prezident İlham Əliyevin Naxçıvana səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə Muxtar Respublikanın gələcək inkişaf modelinin əsas konturlarını ortaya qoydu.

Müsahibədən görünür ki, Naxçıvana yanaşma artıq yalnız sosial-iqtisadi inkişaf və infrastruktur layihələri çərçivəsində deyil, daha geniş strateji konsepsiya əsasında formalaşdırılır. Burada təhlükəsizlik, enerji, sənaye, nəqliyyat, kənd təsərrüfatı, turizm, sosial xidmətlər və idarəetmə islahatları vahid inkişaf modelinin elementləri kimi təqdim edilir. Prezidentin vurğuladığı əsas məqam Naxçıvanın Azərbaycanın digər bölgələrindən təcrid olunmuş coğrafi məkan kimi deyil, Qarabağ və Şərqi Zəngəzurla birlikdə vahid iqtisadi və geosiyasi məkanın tərkib hissəsi kimi inkişaf etdirilməsidir. Bu yanaşma Naxçıvanın ölkənin daxili inkişaf strategiyasında çəkisini artırmaqla yanaşı, onun regional əhəmiyyətini də yeni səviyyəyə qaldırır.

Müsahibənin mühüm istiqamətlərindən biri Naxçıvanın təhlükəsizlik və müdafiə potensialıdır. Coğrafi baxımdan Azərbaycanın əsas hissəsindən ayrı yerləşən MR-in hərbi təhlükəsizliyinin uzun illər dövlət siyasətində xüsusi yer tutduğu vurğulanır. Əlahiddə Ordunun yaradılması, müasir silah və texnika ilə təchizat, komando qüvvələrinin formalaşdırılması Naxçıvanın müdafiəsinin ayrıca strateji əhəmiyyət daşıdığını göstərir. Bununla yanaşı, Prezident təhlükəsizliyin yalnız hərbi komponentlə məhdudlaşmadığını, enerji təhlükəsizliyinin də eyni dərəcədə vacib olduğunu önə çəkir. Naxçıvanda mövcud generasiya imkanlarının genişləndirilməsi, 300 meqavatlıq istilik elektrik stansiyasının, Günəş və su elektrik stansiyalarının tikilməsi, batareya saxlanc sistemlərinin yaradılması muxtar respublikanın enerji baxımından tam müstəqil və hətta ixracatçı regiona çevrilməsi məqsədinə xidmət edir. Bu, Naxçıvanın gələcək iqtisadi inkişafının əsas dayaqlarından biri kimi nəzərdə tutulur.

Müsahibənin geosiyasi baxımdan ən mühüm hissəsi Zəngəzur dəhlizi və TRIPP layihəsi ilə bağlı açıqlamalardır. Prezident İlham Əliyevin mövqeyindən aydın olur ki, Bakı bu marşruta yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə vasitəsi kimi baxmır. Söhbət Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərini birləşdirə biləcək böyük regional logistika xəttindən gedir. Naxçıvan dəmir yolunun 15 milyon tonadək yükaşırma qabiliyyətinə çatdırılması planı da bu strategiyanın miqyasını göstərir. Ermənistan ərazisində nəzərdə tutulan 42 kilometrlik hissənin işə düşməsi ilə Azərbaycan-Türkiyə istiqamətində yeni quru bağlantısı, eyni zamanda Culfa vasitəsilə İran istiqamətində alternativ dəmir yolu xətti formalaşa bilər. Beləliklə, Naxçıvan təkcə tranzit ərazi deyil, Avrasiyanın müxtəlif nəqliyyat arteriyalarının kəsişdiyi logistika mərkəzinə çevrilə bilər.

Prezidentin açıqlamalarında diqqət çəkən digər məqam Zəngəzur dəhlizinin yalnız nəqliyyat layihəsi kimi təqdim edilməməsidir. Elektrik xətlərinin, fiber-optik kabelin, gələcəkdə isə zərurət yaranarsa neft və qaz kəmərlərinin də bu marşrutdan keçirilməsi imkanları qeyd olunur. Bu isə dəhlizin klassik nəqliyyat xəttindən daha geniş – çoxfunksiyalı kommunikasiya platformasına çevrilməsi deməkdir. Xüsusilə Naxçıvanda 500, hətta perspektivdə 1000 meqavatadək Günəş enerjisi istehsalı imkanının nəzərdən keçirilməsi və bunun Türkiyə, İran, daha sonra isə Avropa bazarına çıxarılması planları regionun enerji xəritəsini dəyişə bilər. Bu kontekstdə Naxçıvan gələcəkdə yalnız enerji istehlak edən deyil, enerji istehsal edən, saxlayan, ötürən və ixrac edən mərkəz kimi formalaşa bilər. Xarici investorların, Avropa İttifaqının və digər beynəlxalq aktorların layihəyə marağının qeyd olunması da bu istiqamətin beynəlxalq miqyas aldığını göstərir.

Müsahibə eyni zamanda Naxçıvanın iqtisadi strukturunun şaxələndirilməsi istiqamətində yeni mərhələyə keçildiyini göstərir. Sənaye Parkının yaradılması, yeni iş yerlərinin açılması, kənd təsərrüfatında suvarma sistemlərinin genişləndirilməsi, artezian quyularının qazılması, yol və sosial infrastrukturun yenilənməsi, şəhərlərarası nəqliyyatın müasirləşdirilməsi bu siyasətin əsas elementləridir. Burada mühüm fərq ondan ibarətdir ki, gələcək inkişafın yalnız dövlət investisiyaları hesabına deyil, özəl və xarici kapitalın cəlb olunması ilə təmin edilməsi nəzərdə tutulur. Naxçıvanın turizm potensialının reallaşdırılması, yeni mehmanxanaların tikilməsi, tarixi-mədəni abidələrin qorunması və bərpası da iqtisadi fəallığın genişləndirilməsinin digər istiqamətləridir. Möminə xatun məqbərəsi və Əcəmi Naxçıvani irsinə xüsusi diqqət ayrılması isə iqtisadi modernləşmə ilə milli-mədəni kimliyin qorunmasının paralel aparılması mesajıdır.

Ümumilikdə prezident İlham Əliyevin müsahibəsi Naxçıvan üçün yeni strateji rolun müəyyənləşdirildiyini göstərir. Muxtar respublikanın Qarabağ və Şərqi Zəngəzurla vahid inkişaf məkanı kimi nəzərdən keçirilməsi, Prezidentin xüsusi nümayəndəliyi modelinin tətbiqi, yeni Baş plan, enerji və nəqliyyat layihələri uzunmüddətli struktur transformasiyasına hesablanıb. Əgər nəzərdə tutulan Zəngəzur dəhlizi, dəmir yolu, enerji ötürücü xətləri və sənaye layihələri tam şəkildə reallaşdırılarsa, Naxçıvanın Azərbaycan iqtisadiyyatındakı mövqeyi əhəmiyyətli şəkildə dəyişəcək. Muxtar respublika ölkənin periferik coğrafi ərazisindən regional ticarət, enerji və logistika qovşağına çevrilə bilər.

Bu baxımdan müsahibədə təqdim edilən strategiyanın əsas mahiyyəti Naxçıvanın təhlükəsizliyinin təmin olunmasından onun iqtisadi və geosiyasi potensialının maksimum dərəcədə reallaşdırılmasına keçiddir.

Züriyə Qarayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Avqust 2026