• Bakı 28° C

    8.89 m/s

  • USD - 1.7

    EUR - 1.9593

    RUB - 2.051

Hörmüzdə savaş təhlükəsi: Nə İran geri çəkilir, nə ABŞ

SİYASƏT

14 Avqust 2026 | 11:59

Hörmüzdə savaş təhlükəsi: Nə İran geri çəkilir, nə ABŞ

ABŞ və İran arasında qarşıdurma artıq yalnız nüvə proqramı, sanksiyalar və qarşılıqlı hərbi zərbələr çərçivəsində qiymətləndirilə bilməz. Son bəyanatlar göstərir ki, mübarizənin əsas ağırlıq mərkəzlərindən biri Hörmüz boğazına və İranın xarici ticarət imkanlarına nəzarət məsələsinə keçir.

ABŞ müdafiə naziri Pit Heqsetin Vaşinqtonun İran limanlarına tətbiq etdiyi dəniz blokadasını qeyri-müəyyən müddət davam etdirmək imkanına malik olduğunu bildirməsi təsadüfi bəyanat deyil. ABŞ bununla Tehrana mesaj verir ki, vaxtın uzanması İranın xeyrinə işləməyəcək və Vaşinqton uzunmüddətli təzyiq strategiyasına hazırdır. ABŞ Maliyyə Nazirliyi də İrana qarşı iqtisadi təcridi daha da sərtləşdirəcək yeni tədbirlərin hazırlandığını açıqlayıb.

Tehranın cavabı isə göstərir ki, İran da geri çəkilmək niyyətində deyil. İran rəsmiləri Hörmüz boğazının ölkənin nəzarəti və idarəçiliyi altında olduğunu bildirərək ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun boğaz üzərində “tam nəzarətə” malik olması barədə mövqeyini rədd ediblər. İran hərbi komandanlığının mövqeyinə görə, ölkənin icazəsi olmadan gəmilərin təhlükəsiz keçidindən danışmaq mümkün deyil. Beləliklə, tərəflər arasında artıq yalnız hərbi-siyasi qarşıdurma deyil, strateji su yoluna faktiki nəzarətin kimdə olması barədə açıq güc nümayişi gedir. Hörmüzdən gəmi hərəkətinin avqust ayının orta göstəricisindən aşağı düşməsi isə bu qarşıdurmanın sadəcə bəyanatlar səviyyəsində qalmadığını göstərir.

İran rəhbərliyinə yaxın dairələrdən gələn daha sərt mesajlar vəziyyəti xüsusilə təhlükəli edir. Ali rəhbərin müşaviri Məhəmməd Moxber Tehranın şərtləri təmin edilməzsə, qarşıdurmanın hücum xarakterli mərhələyə keçə biləcəyini bildirib. Bu, İranın yalnız mövcud mövqelərini qorumaqla kifayətlənməyəcəyi barədə xəbərdarlıq kimi qəbul edilə bilər. Tehran bununla Vaşinqtona göstərməyə çalışır ki, dəniz blokadasının uzadılması və iqtisadi təzyiqin artırılması İranı avtomatik şəkildə güzəştə məcbur etməyəcək. Əksinə, təzyiq müəyyən həddi keçərsə, İran regiondakı hərbi imkanlarından daha fəal şəkildə istifadə etməyə üstünlük verə bilər.

Məsələnin ən həssas tərəfi Hörmüz boğazının dünya enerji təhlükəsizliyi üçün əhəmiyyətidir. Bu səbəbdən ABŞ-İran qarşıdurmasının burada dərinləşməsi yalnız iki dövlət arasındakı problem deyil. Gəmi hərəkətinin məhdudlaşması, tankerlərlə bağlı təhlükəsizlik risklərinin artması və blokadanın uzun müddət davam edə biləcəyi ehtimalı neft bazarına birbaşa təsir göstərir. Məhz ABŞ-nin blokadanı qeyri-müəyyən müddət saxlaya biləcəyi barədə açıqlamasından sonra neft qiymətlərində yüksəliş qeydə alınıb. Bu baxımdan Hörmüz Tehran üçün hərbi-strateji vasitə olmaqla yanaşı, Vaşinqton üzərində iqtisadi və siyasi təzyiq alətinə də çevrilib.

Bütün bunlara baxmayaraq, diplomatik kanalın tam bağlandığını söyləmək də düzgün olmazdı. Problem ondadır ki, hazırkı mərhələdə diplomatiya qarşılıqlı təzyiq siyasətinin kölgəsində qalır. Atəşkəs danışıqlarında irəliləyiş əldə olunmayıb və tərəflərin Hörmüzlə bağlı mövqeləri bir-birindən ciddi şəkildə fərqlənir. Tehran boğazın yenidən tam açılmasını öz şərtlərinin qəbul edilməsi ilə əlaqələndirir, ABŞ isə İranın dəniz ticarətini məhdudlaşdırmaqla onun danışıqlardakı müqavimət imkanlarını zəiflətməyə çalışır. Nəticədə danışıqların məntiqi “əvvəl razılaşaq, sonra təzyiqi azaldaq” deyil, “əvvəl qarşı tərəfin mövqeyini zəiflədək, sonra razılaşaq” formasına keçir. Bu isə kompromisin əldə olunmasını daha da çətinləşdirir.

Hazırkı mənzərə onu göstərir ki, ABŞ-İran qarşıdurması kritik bir seçim nöqtəsinə yaxınlaşır. Əgər Vaşinqton dəniz blokadasını və iqtisadi təcridi genişləndirər, Tehran isə buna Hörmüzdə daha sərt addımlarla və hücum xarakterli strategiya ilə cavab verərsə, lokal insidentin daha geniş regional qarşıdurmaya çevrilməsi riski artacaq. Digər tərəfdən, məhz qarşılıqlı təzyiqin yaratdığı iqtisadi və hərbi xərclər tərəfləri yenidən kompromisə də məcbur edə bilər. Buna görə qarşıdakı mərhələdə əsas sual kimin Hörmüz üzərində daha çox nəzarət nümayiş etdirməsi deyil, ABŞ və İranın bu güc mübarizəsini siyasi razılaşmaya çevirə bilib-bilməyəcəyidir. Əks halda Hörmüz boğazı təkcə ABŞ-İran qarşıdurmasının deyil, bütövlükdə Yaxın Şərqdə yeni eskalasiyanın əsas nöqtəsinə çevrilə bilər.

Alim Nəsirov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Avqust 2026