Arktikadakı Norveç arxipelaqı olan Svalbardda gəminin duman siqnalından istifadə edərək, ağ ayını yuxudan oyatdığına görə bir turist 50 min Norveç kronu və ya təxminən 4min 550 avro cərimə olunub.
Bakıvaxtı.az “La Voix du Nord” qəzetinə istinadən xəbər verir ki, hadisə bu ayın əvvəlində arxipelaqın şimal-şərqindəki, Şimal qütbündən təxminən 1000 kilometr aralıda yerləşən bir fyordda qayıq üzərkən baş verib. Gəminin sərnişinləri heyvanı quruda yatarkən görüblər . Daha sonra gəmidəkilərdən biri ayının diqqətini cəlb etmək üçün gəminin duman siqnalından istifadə edib. Səs-küydən oyanan ayı başqa yerə köçüb. Məsul şəxs hadisəni etiraf edib və qubernatorluq tərəfindən tətbiq edilən 50 min Norveç kronu məbləğində cəriməni qəbul edib.
Svalbardda hakimiyyət orqanları ağ ayılarla qarşılıqlı əlaqələri ciddi şəkildə tənzimləyir. Yerli qaydalarda xüsusilə “ağ ayını lazımsız yerə narahat etmək, cəlb etmək və ya təqib etmək qadağandır” deyilir . Bu növ 1972-ci ildən bəri arxipelaqda xüsusi qorunma altındadır.
Sözügedən tədbir, xüsusən də, bu Arktika mühitində insan fəaliyyətinin yaratdığı narahatlıqları məhdudlaşdırmaq üçün nəzərdə tutulub. 2015-ci ildə aparılan ən son elmi hesablamaya görə, həmin dövrdə arxipelaqda təxminən 260 ağ ayı yaşayıb.
Aydın
Bakı 



