Bolqarıstan hakimiyyəti EMCO hərbi zavodunun sursat anbarında baş verən yanğının mümkün səbəblərindən biri kimi sabotaj ehtimalını nəzərdən keçirir.
Bakıvaxtı.az xəbər verir ki, “Deutsche Welle”nin məlumatına görə, ölkənin daxili işlər naziri İvan Demerciyev hadisə ilə bağlı araşdırmaya başlanıldığını açıqlayıb.
Araşdırma çərçivəsində EMCO şirkətinin anbarlarında, eləcə də digər müəssisələrdə əvvəllər baş vermiş oxşar yanğınlar da öyrəniləcək.
Nazir bildirib ki, məqsəd hadisələr arasında mümkün əlaqənin və ya müəyyən qanunauyğunluğun olub-olmadığını müəyyənləşdirməkdir.
Qeyd olunur ki, EMCO şirkəti 2014-cü ildən etibarən Ukrayna Silahlı Qüvvələrini sovet istehsalı kalibrli sursatlarla təchiz edir.
Avqustun 10-da şirkətin obyektlərindən birində güclü yanğın və partlayış baş verib. Hadisə nəticəsində yaxınlıqdakı bir neçə kəndin sakinləri təxliyə edilib.
Hazırda hüquq-mühafizə orqanları yanğının səbəblərini araşdırır və sabotaj versiyası da mümkün ehtimallar sırasında nəzərdən keçirilir.
















