• Bakı 28° C

    3.61 m/s

  • USD - 1.7

    EUR - 1.9426

    RUB - 2.2145

Dövlətçilik ənənələrinin inkişafı özünəinam və sosial həmrəyliyi gücləndirir

LAYİHƏ

10 Iyul 2026 | 10:33

Dövlətçilik ənənələrinin inkişafı özünəinam və sosial həmrəyliyi gücləndirir

6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği;

Azərbaycan özünün zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə hər zaman diqqət mərkəzində olub. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, milli adət və ənənələr hər bir xalqın milli mədəniyyətinin zənginliyindən, qədim tarixi kökə malik olmasından xəbər verir.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycanı dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlarından biri olması hər kəsə məlumdur.

Adət-ənənələrimiz və onların formalaşdırdığı milli dəyərlər sistemi ilə güclü dövlətçilik quruculuğu arasında sıx vəhdət var. Belə ki, hər bir dövlətin gücü, ilk növbədə, adət və ənənələrin cəmiyyəti əxlaqi, milli vətənəpərvərlik baxımından düzgün istiqamətə yönəltməsindən, onları saf təməllər üzərində tərbiyə etməsindən asılıdır.

Ümummilli lider Heydər Əliyev siyasi kursunun davamçısı prezident İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində dövlətçilik ənənələri, milli ənənələri nəzərə alaraq ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatın bütün sahələrində ciddi dəyişikliklər edilib və uğurlar qazanılıb. 2009-cu ildə Prezident yanında Elmin İnkişafı Fondunun yaradılması, ölkə başçısının ard-arda verdiyi sərəncamlarla mədəniyyət xadimlərinin irsinin, yaradıcı arsenalının təqdimatına stimul verməsi bu yöndə uğurlu addımları ifadə edir. Ölkəmizdə keçirilən Beynəlxalq Muğam festivalı, Qəbələ Musiqi festivalı, Rostropoviç, Qara Qarayev, Üzeyir Hacıbəylinin adını daşıyan festivallar - mədəniyyətimizin təbliğində əhəmiyyətli rol oynayır.

O cümlədən, "XarıBülbül" Beynəlxalq Musiqi Festivalı Azərbaycan musiqisinin, həmçinin Azərbaycanda yaşayan xalqların folklor ansambllarının çıxışlarını da çevrələyir. Milli mədəniyyətimizin inkişaf etdirilməsi və dünyaya çatdırılması istiqamətində bu gün Heydər Əliyev Fondunun rolu da böyükdür. Fondun təşəbbüsü ilə nəşr olunan kitablarda Azərbaycan mətbəxi, mədəniyyəti, təbiəti və sair barədə məlumatlar verilib. Qərb və Şərq sivilizasiyalarının kəsişməsində yerləşən Azərbaycanın mədəniyyətinə, milli dəyərlərinə bu şəkildə yanaşma yetişən nəsildə mövcud dəyərlərə məhəbbət yaradır.

Bundan başqa, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın səmərəli fəaliyyətinin nəticəsi olaraq Azərbaycan muğam və aşıq sənəti, eləcə də xalçaçılıq və tar ifaçılıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Həmçinin son illərdə dövlət və qeyri-dövlət qurumları tərəfindən virtual muzeylər, rəqəmsal arxivlər, elektron kitab sərgiləri, onlayn tədris platformaları yaradılaraq Azərbaycan tarixi və mədəniyyəti dünya auditoriyasına açıq şəkildə təqdim olunur. Nəticə etibarilə Azərbaycan mədəniyyətini beynəlxalq mədəniyyət ilə bağlı layihələrdə təmsil etmək, qlobal mədəniyyət festivalı və layihələrə qatılaraq milli adət-ənənələri orada təqdim etmək, fərqli mədəniyyətlərlə dialoq qurmaq və milli adətləri müasir dövrə uyğun olaraq təqdim etmək böyük əhəmiyyət kəsb edir. Azərbaycan bu və ya digər nailiyyətlərlə yanaşı, mövcud olan dinlərarası, millətlərarası münasibətlərdə belə tolerantlıq və dözümlülük ənənələri ilə zəngindir.

Ona görə də Azərbaycan bu gün dünyada ən sürətlə inkişaf edən, iqtisadi sahədə dünyada ən böyük nailiyyətləri əldə edən ölkə olaraq dünyada söz sahibinə çevrilib, etibarlı tərəfdaş kimi də özünü təsdiq edib.  Bu kontekstdə bir çox ölkələrin nümayəndələri məhz ölkəmizdə təşkil olunan beynəlxalq tədbirləri, idman yarışlarım, eləcə də mədəniyyət tədbirlərini izləmək üçün məhz bizim ölkəmizə səfər edirlər. Artıq tam şəkildə ərazilərini bərpa edən, güclənən, suverenlik qazanan ölkəyik.

Unutmayaq ki, Azərbaycan mədəniyyətini qorumaq və gələcək nəsillərə ötürmək  həm dövlətin, həm də cəmiyyətin müqəddəs borcudur.

Bəs görəsən, ölkəmizin özünəməxsus dövlətçilik tarixi, milli adət-ənənələri, elm və mədəniyyət sahələrinin inkişafı və tanıdılması cəmiyyətin kütləvi psixologiyasına necə təsir edir? Ümumiyyətlə, bir ölkənin tanıdılmasında psixoloji faktor nə dərəcədə önəmlidir?

Lamiyə Qurbanova: Milli özünüdərk həm də övlətçiliyin dayanıqlı inkişafına töhfə verir

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan Azərbaycan Dövlət Pedaqoji Universitetin dosenti, psixologiya üzrə fəlsəfə doktoru Lamiyə Qurbanova bildirib ki, Azərbaycanın zəngin dövlətçilik ənənələri, milli-mədəni irsi, elmi potensialı və mənəvi dəyərləri onun milli kimliyini formalaşdıran əsas amillərdir:

"Bu sahələrin inkişaf etdirilməsi və beynəlxalq səviyyədə tanıdılması təkcə ölkənin nüfuzunun yüksəldilməsinə deyil, həm də cəmiyyətin psixoloji mühitinə müsbət təsir göstərir. İlk növbədə, milli dəyərlərin qorunması və təbliği vətəndaşlarda mənsubiyyət hissini gücləndirir. İnsanlar öz tarixini, mədəniyyətini və elmi nailiyyətlərini daha yaxından tanıdıqca milli qürur, vətənpərvərlik və sosial məsuliyyət hissi formalaşır. Bu isə cəmiyyət daxilində həmrəyliyin, qarşılıqlı etimadın və ümumi məqsədlər ətrafında birləşmək meylinin artmasına şərait yaradır. Güclü milli kimlik insanların psixoloji dayanıqlığını artırır və müxtəlif sosial çağırışlar qarşısında daha inamlı mövqe nümayiş etdirməsinə kömək edir. Bununla yanaşı, elm və mədəniyyət sahəsində əldə olunan uğurlar cəmiyyətin gələcəyə inamını möhkəmləndirir. Gənc nəslin uğurlu alimləri, yaradıcı şəxsləri və mədəniyyət nümayəndələrini nümunə kimi qəbul etməsi özünüinkişaf motivasiyasını artırır. Belə mühitdə insanlar şəxsi inkişafın və təhsilin cəmiyyətin tərəqqisi üçün vacib olduğunu daha dərindən dərk edirlər".

Psixoloq qeyd edib ki, insanlar özlərini eyni tarixi, mədəniyyəti və dəyərləri bölüşən bir toplumun üzvü kimi qəbul etdikdə qarşılıqlı etimad artır, sosial həmrəylik güclənir və dövlətə bağlılıq hissi dərinləşir. Bu proses cəmiyyətin psixoloji sabitliyini və gələcəyə inamını da dəstəkləyir.

"Dövlətçiliyin inkişafı baxımından milli kimliyin möhkəmlənməsi strateji əhəmiyyət daşıyır. Güclü milli kimlik və ortaq dəyərlər hüquqi dövlət quruculuğunu, vətəndaş fəallığını və ictimai məsuliyyət hissini təşviq edir. Belə şəraitdə insanlar dövlətin inkişafını şəxsi rifahları ilə əlaqələndirir, qanunlara hörmət, ictimai həmrəylik və milli maraqların qorunması kimi davranışlar daha geniş yayılır. Milli özünüdərk və milli qəhrəmanlıq nümunələri yalnız tarixi irsin qorunmasına xidmət etmir, həm də milli kimliyin möhkəmlənməsinə, vətənpərvərlik dəyərlərinin inkişafına və dövlətçiliyin dayanıqlı inkişafına mühüm töhfə verir. Bu dəyərlərin gələcək nəsillərə düzgün ötürülməsi cəmiyyətin mənəvi bütövlüyünün, sosial sabitliyinin və dövlətin uzunmüddətli inkişafının əsas şərtlərindən biri hesab olunur", - deyə müsahibimiz əlavə edib.

L.Qurbanova hesab edir ki, dövlət haqqında formalaşan ilk təəssürat çox vaxt insanların emosional qavrayışı və stereotipləri ilə bağlı olur. Ölkənin müsbət imicinin yaradılması, milli-mədəni irsin, elmi nailiyyətlərin və humanitar dəyərlərin düzgün təqdim edilməsi beynəlxalq ictimaiyyətdə etimadın formalaşmasına, əməkdaşlıq imkanlarının genişlənməsinə və ölkəyə marağın artmasına səbəb olur. Bu baxımdan ictimai diplomatiya, mədəni tədbirlər, beynəlxalq elmi əməkdaşlıq və uğurlu kommunikasiya strategiyaları psixoloji təsir baxımından xüsusi rol oynayır:

"Dövlətçilik ənənələrinin, milli adət-ənənələrin, elm və mədəniyyətin inkişafı cəmiyyətin kütləvi psixologiyasına müsbət təsir göstərərək milli birlik, özünəinam və sosial həmrəyliyi gücləndirir. Eyni zamanda, bu dəyərlərin beynəlxalq səviyyədə səmərəli şəkildə tanıdılması ölkənin müsbət imicinin formalaşmasına, xarici auditoriyada etimadın yaranmasına və uzunmüddətli əməkdaşlıq münasibətlərinin inkişafına mühüm töhfə verir".

Gülşən Şərif

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Iyul 2026