Paytaxtın mərkəzi hissəsində YUĞ Teatrının istifadəsinə uyğun binalar nəzərdən keçirilir.
Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd olunub ki, ölkənin əhəmiyyətli mədəniyyət ocaqlarından olan Azərbaycan Dövlət Yuğ Teatrının daimi bina ilə təminatı Mədəniyyət Nazirliyinin diqqət mərkəzindədir:
“Hesab edirik ki, özünəməxsus yaradıcılıq estetikası olan bu teatr üçün bina seçimində onun daşıdığı sənət meyarları nəzərə alınmalıdır. Yəni məkan həm estetik, həm də funksional baxımdan uyğun olmalıdır”.
Məlumatda YUĞ Teatrının tamaşalarını rahat və keyfiyyətli şəkildə təqdim etməsinin zəruriliyi vurğulanıb:
“Bütün bu amillər əsas götürülməklə paytaxtın mərkəzi hissəsində teatrın istifadəsinə uyğun binalar nəzərdən keçirilir. Bu istiqamətdə fəaliyyət davam etdirilir və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.
Xatırkadaq ki, bir müddət öncə YUĞ Teatrında nümayiş olunan “Asılqan” tamaşası bina probleminə görə aktyor Elşən Əsgərovun istəyi ilə yarımçıq dayandırılıb.
Aktyor teatra qarşı laqeyd münasibəti əsas gətirərək tərəf müqabili aktrisa Ləman Mərrihdən, tamaşanın quruluşçu rejissoru Əbdülqəni Əliyevdən və tamaşaçılardan üzr istəyərək tamaşanı davam etdirmək istəmədiyini açıqlayaraq səhnəni tərk edib.
Qeydə edək ki, Azərbaycan Dövlət YUĞ Teatrının binası 2016-cı ildə sökülüb. Teatr həmin vaxtdan indiyədək fəaliyyətini Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının kiçik məşq zalında davam etdirir.