“Sadəcə təəssüf! O boyda əziyyəti bu yerə gətirdiniz…”
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri prodüser Zəhra Bədəlbəyli sosial şəbəkə hesabında paylaşdığı “Avroviziya” Beynəlxalq Mahnı Müsabiqəsi haqqındakı postunda bildirib.
O qeyd edib ki, illərini və həyatının ən aktiv dövrünü həsr etdiyi bu mövzu ilə bağlı susa bilməz. Şairənin sözlərinə görə, bu təkcə şəxsi zəhməti ilə bağlı deyil, həm də vətəndaş kimi vətənini böyük sevgi ilə sevməsindən irəli gəlir: “Mənim Azərbaycanım buna layiq deyil! “Avroviziya” mahnı müsabiqəsinin uşaqlıqdan pərəstişkarıyam. Sonradan isə tale elə gətirdi ki, onun mütəxəssislərindən biri oldum. Çünki seçim turlarının təşkilatçısından tutmuş şair, münsif, tur menecer, rejissor və s. vəzifələri yerinə yetirmişəm.
Komanda! Komanda! Komanda! Çox vacib və əsas amildir! Peşəkar komanda olmasa, komandaya rəhbərlik edən peşəkar insan olmasa, heç nə alınmayacaq! İstedadlı ifaçı işin 10 faizidir. Yaxşı mahnı hardasa 30 faizi. 20 faiz səhnə quruluşu, qalan 50 faiz isə məhz peşəkar hazırlıqdan asılıdır. Həm mahnının yazılma prosesi, həm konseptual yanaşma - hər bir xırdalıq vacibdir. Xalqımız o qədər istedadlı xalqdır. Bu istedadlı ifaçıları niyə atəşə atırsınız? Niyə onlar bu neqativi yaşamalıdır? Niyə biz peşman olaraq bu müsabiqənin adını çəkməliyik?”
Qeyd edək ki, Azərbaycanı “Avroviziya 2026” müsabiqəsində “Just Go” mahnısı ilə JIVA təmsil edəcək. Beynəlxalq Mahnı Müsabiqəsi bu il Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək. Yarışmanın birinci yarımfinalı 12 may, ikinci yarımfinalı 14 may, böyük final isə 16 may tarixlərində baş tutacaq.
Bakı 




