• Bakı 11° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.985

    RUB - 2.1687

Yuxudan sonra yorğunluğunuz keçmirsə... - HƏYƏCAN

CƏMİYYƏT

09 Aprel 2026 | 08:42

Yuxudan sonra yorğunluğunuz keçmirsə... - HƏYƏCAN

Kifayət qədər dincəlməyə və yatmağa baxmayaraq, insanı tərk etməyən daimi yorğunluq hissi orqanizmdəki müəyyən pozuntuların göstəricisi ola bilər.

Bakıvaxtı.az xəbər verir ki, rusiyalı həkim-terapevt Şota Kalandia "İzvestiya" nəşrinə müsahibəsində bu problemin kökləri və yuxu keyfiyyətinin artırılması yolları haqqında məlumat verib.

Mütəxəssisin sözlərinə görə, ilk növbədə orqanizmdə dəmir, həmçinin D və B qrupu vitaminlərinin defisitini aradan qaldırmaq lazımdır. Sözügedən elementlər əzələlərin işində, sinir sisteminin fəaliyyətində və enerji mübadiləsində mühüm rol oynayır. Onların çatışmazlığı təkcə halsızlıqla deyil, həm də başgicəllənmə, əsəbilik və diqqət dağınıqlığı ilə müşayiət oluna bilər.

Yuxunun müddəti qədər keyfiyyəti də vacibdir. İnsan 7-8 saatlıq yuxu normasına əməl etsə də, proses kəsintili ola bilər. Məsələn, obstruktiv yuxu apnesi zamanı tənəffüsdə qısamüddətli dayanmalar baş verir ki, bu da orqanizmin tam bərpasına imkan vermir.

Endokrinoloji amillər sırasına isə qalxanabənzər vəzinin fəaliyyət pozuntuları, xüsusilə də hipotiroidizm aiddir. Bu hal metabolizmin ləngiməsi, enerjinin düşməsi və ümumi əzginliklə nəticələnir.

Ş.Kalandia bildirib ki, ehtimal edilən digər səbəb xroniki stresdir. Qanda kortizol hormonunun davamlı olaraq yüksək qalması daxili ehtiyatları tükəndirir. Bundan başqa, daimi yorğunluq aşağıdakı xəstəliklərin ilkin əlaməti ola bilər:

- Prediabet və şəkərli diabet (hüceyrələrin enerjisiz qalması);

- Arterial hipertenziya (ürək-damar xəstəlikləri);

- Mədə-bağırsaq xəstəlikləri (qastrit, qaraciyər patologiyaları);

- Autoimmun proseslər.

Halsızlıq, həmçinin hərəkətsiz həyat tərzi, qeyri-sağlam qidalanma və gün ərzində az su içməklə də bağlı ola bilir.

Terapevt xəbərdarlıq edib ki, əgər yorğunluq hissi bir neçə həftə davam edərsə və həyat keyfiyyətini aşağı salarsa, buna laqeyd yanaşmaq olmaz. Belə hallarda mütləq mütəxəssisə müraciət edərək zəruri tibbi müayinələrdən keçmək tövsiyə olunur.


SON XƏBƏRLƏR

08 Aprel 2026