Münxen Təhlükəsizlik Konfransında Ukrayna Prezidenti Volodimir Zelenskinin Macarıstanın Baş naziri Viktor Orbana ünvanlanan sərt və ironik fikirləri Avropada ciddi rezonans doğurdu.
Bu çıxış təkcə iki lider arasında siyasi polemika kimi deyil, Avropanın bütövlükdə təhlükəsizlik strategiyasına yönəlmiş açıq xəbərdarlıq kimi qəbul olundu. Ukrayna müharibəsi fonunda Avropada parçalanmış mövqelər, Rusiya ilə əməkdaşlıq tərəfdarları və təhlükəni təxirə salan yanaşmalar yenidən gündəmə gəldi. Zelenskinin ritorikası göstərdi ki, Kiyev artıq diplomatik yumşaqlıqdan çox, açıq və sərt mesajlar vermək xəttini seçir.
Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Alim Nəsirovun sözlərinə görə, Volodimir Zelenski Avropaya demək istəyirdi ki, təhlükəsizlik şəxsi siyasi rahatlıq və ya daxili populizm mövzusu deyil. Onun Orbanı hədəf seçməsi simvolik idi, çünki Macarıstan Avropa daxilində Moskva ilə dialoqu açıq saxlayan azsaylı ölkələrdəndir:
“Ukrayna lideri açıq şəkildə göstərmək istədi ki, bu cür siyasət təkcə Kiyevi deyil, bütün Avropanı risk altına qoyur. Mesaj ondan ibarətdir ki, Rusiya ilə “normal münasibət” illüziyası real təhlükəni aradan qaldırmır. Əksinə, bu yanaşma təhlükəni daha da yaxınlaşdırır. Zelenski Avropanı passiv müşahidəçi yox, aktiv təhlükəsizlik subyekti olmağa çağırır”.
Müsahibimiz qeyud edib ki, Orban Zelenski üçün konkret bir şəxs olmaqdan daha çox bir siyasi xətti təmsil edir. Bu xətt Rusiyaya qarşı sərt mövqedən yayınan, kompromis və əməkdaşlıq dilini üstün tutan Avropa siyasətidir. Onun sözlərinə görə, Ukrayna üçün bu yanaşma birbaşa təhlükə kimi qəbul olunur:
“Zelenski Orban üzərindən Avropadakı bu düşüncə tərzini ifşa etməyə çalışır. Burada məqsəd tənqid deyil, xəbərdarlıqdır. Yəni “bu yol sizi də eyni risklə üz-üzə qoyacaq” mesajı verilir”.

Alim Nəsirov: Zelenski Avropanı passiv müşahidəçi yox, aktiv təhlükəsizlik subyekti olmağa çağırır
“Münxen Təhlükəsizlik Konfransı Avropanın real problemlərini açıq müzakirə edə bilirmi” sualını cavablandıran A.Nəsirov bildirib ki, Münxen Təhlükəsizlik Konfransı söz demək baxımından Avropanın ən açıq platformalarından biridir. Burada liderlər təhlükəni açıq ifadə edir, sərt fikirlər səsləndirilir və tabu sayılan mövzular gündəmə gətirilir. Dediyinə görə, amma problem müzakirənin dərinliyində deyil, nəticəsindədir:
“Çox vaxt bu çıxışlar real siyasi qərarlara çevrilmir. Konfrans daha çox güzgü rolunu oynayır, problemi göstərir, amma həll mexanizmi təqdim etmir. Zelenskinin çıxışı da bu boşluğu açıq şəkildə ortaya qoydu. Avropanın əsas problemi danışmaq yox, qərar verməkdir”.
Bu çıxışdan sonra Avropanın təhlükəsizlik siyasətində hansıda dəyişiklik olub-olmayacağına gəlnicə, həmsöhbətimiz hesab edir ki, qısa müddətdə köklü dəyişiklik gözləmək real deyil. Politoloq qeyd edib ki, Avropa hələ də vahid təhlükəsizlik mövqeyi formalaşdırmaqda çətinlik çəkir. Lakin bu tip çıxışlar ictimai rəy və siyasi elitalar üzərində təzyiq yaradır:
“Zelenski Avropanı rahat zonadan çıxarmağa çalışır. Bu, dərhal nəticə verməsə də, uzunmüddətli düşüncə dəyişikliyinə zəmin yaradır. Əgər müharibə uzanarsa, Avropa bu mesajları daha ciddi qəbul etməyə məcbur qalacaq. Bu baxımdan çıxış indidən çox, gələcək üçün strateji siqnal xarakteri daşıyır”.
Zülfü Məmmədov
Bakı 




