“Zəngəzur dəhlizinin açılması tarixi hadisə olacaq”
Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında keçmiş Baş nazir Novruz Məmmədov deyib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması Azərbaycanla Ermənistan arasında yekun sülh prosesinə də töhfə verə bilər:
“Yəni iqtisadi imkanların artması, əlaqələrin möhkəmlənməsi müəyyən mənada siyasi, diplomatik ələqalərə də təsir göstərə bilər”.
Əvvəllər, Rusiya və İranın dəhlizin açılmasına əngəl olmaq istədiklərini xatırladan hökumətin keçmiş başçısı bildirib ki, amma indi daha gecdir. Dediyinə görə, o proseslər arxada qalıb:
“Azərbaycan olduqca müstəqil siyasət yürüdən qüdrətli ölkəyə çevrilib. Ayrı-ayrı qüvvələr Zəngəzur dəhlizinin açılmasına qısqanc yanaşa bilər. Amma sonda dəhliz açılacaq, başqa yol yoxdur”.

Novruz Məmmədov: Dəhliz də açılacaq, sülh də imzalanacaq, proseslər buna doğru gedir
N.Məmmədov diqqəətə çatdırıb ki, bu gün Azərbaycan sülh üçün əlindən gələni əsirgəmir, hətta beynəlxalq müstəvilərdə də buna dair çağırışlar edir:
“Ermənistana taxılın daşınmasına şərait yaradır, bu ölkəyə neft satır. Bunlar hamısı yekun sülh üçün uzadılan yardım əlidir. Ermənistana tərəfi də bu işə “can yandırmalıdır”. Prosesləri elə aparmalıdır ki, bu sülh prosesi baş tutsun. Azərbaycan qalib və sülhsevər ölkədir. Biz ən başdan proseslərin sülh yolu ilə həllinə çalışırdıq. Müharibəni Ermənistan istədi və biz də ərazilərimizdə anti-terror əməliyyatı keçirib, torpaqlarımızı azad etdik”.
“Dəhliz də açılacaq, sülh də imzalanacaq. Proseslər buna doğru gedir. Azərbaycan uğurlu diplomatiya həyata keçirir. Ermənistan bu fürsəti əldən verməməlidir”, - deyə Novruz Məmmədov əlavə edib.
Aydın Baxış
Bakı 



