• Bakı C

    7.23 m/s

  • USD - 1.7

    EUR - 1.771

    RUB - 1.9004

Zərdüşt Əlizadə: “90-cı illərdə rus dilini sıxışdırdıq, xoşbəxt olduq?!”

CƏMİYYƏT

03 Mart 2025 | 09:32

Zərdüşt Əlizadə: “90-cı illərdə rus dilini sıxışdırdıq, xoşbəxt olduq?!”

“Hər bir ölkədə hökumət daxilində elə qüvvələr var ki, milli mənafeyə xidmət edirlər, dövlətin, xalqın mənafeyini güdürlər. Elə qüvvələr də mövcuddur ki, onlar daha çox ölkəni talamağı düşünürlər. Hökumət aparatında güclənməyə səy göstərirlər. Bu cür adamlar çalışırlar ki, yuxarı hakimiyyəti laxlatmağa nail olsunlar”.

Bu sözləri Bakıvaxtı.az-a politoloq Zərdüşt Əlizadə Azərbaycanda rusdilli məktəblərin bağlanmasına dair təşəbbüslərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda 300-ə yaxın rusdilli məktəb var:

“Bu məktəblərin ölkəmizdə olması bizə nələr verib? Qarabağ uğrunda mübarizədə Rusiya hakimiyyəti də, cəmiyyəti də Ermənistanı qınayırdı ki, sən rusdilli məktəbləri bağlamısan, amma Azərbaycanda 300 rusdilli məktəb var, ali məktəblərdə rusdilli şöbələr fəaliyyət göstərir. Ermənistanda isə bunlar yoxdur. Ermənistan Rusiya ilə necə dostdur ki, ölkədə rus dilini qadağa edir? Həmin sualı Ermənistana verirdilər. Bu, Azərbaycanın nailiyyəti idi”.

Müsahibimiz bildirib ki, Azərbaycan cəmiyyətində vəzifə, imtiyaz istəyənlər rusdilli məktəblərin bağlanmasını təklif edirlər.  Bunu doğru yanaşma saymayan politoloq hesav edir ki, rusdilli məktəbləri bağlamaqdansa, öz dil və mədəniyyətimizin inkişafı barədə düşünsək, daha yaxşı olar:

“Rus dili heç kimə mane olmur. 1990-cı illərdə rus dilini sıxışdırdıq, nəticəni gördük. Xoşbəxt olduq? Qarabağı alıb, Ermənistana verdilər. Bu, sizə dərs olmadı? Yenə Azərbaycanın başına bəla gətirmək istəyirsiniz? Qonşu ölkə ilə düşmənlik axtarırsınız? Ukraynanın üzləşdiyi fəlakət nədən başladı? Ukrayna da rus dilini sıxışdırmağa, qadağan etməyə başladı və sonrakı proseslər aydındı. Axırı necə oldu? Ukrayna viran qaldı, xalqın başı üzərindən raketlər uçur. Ay Azərbaycanda rus dilinə düşmənlik etmək istəyənlər, bunu istəyirsiniz? Xalqın başına bəla gətirmək istəyirsiniz? Rusiyanın özündə də elə qüvvələr var ki, hakimiyyətdəki mövqelərini möhkəmləndirmək istəyirlər və bunun üçün Azərbaycanla düşmənliyi sanki özlərinə peşə seçiblər”.

Z.Əlizadənin dediyinə görə, orada da politoloqlar var ki, bütün günü Azərbaycanın əleyhinə danışırlar. Ölkəmizi elə təqdim edirlər ki, guya Azərbaycan Rusiyanın milli mənafelərinin düşmənidir:

“Buna görə də Azərbaycana məxsus mülki təyyarə vurulan kimi, həmin qüvvələr aktivləşdilər və bu ölkələr arasında ciddi qarşıdurma yaratmağa çalışdılar. Əksinə isə Rusiyanın milli mənafeyi tələb edir ki, rəsmi Moskva Azərbaycanla mehriban qonşuluq siyasəti yürütsün, sıx müttəfiq olsun”.

Aydın Baxış


SON XƏBƏRLƏR