• Bakı 15° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Siyasi iradənin daha bir təntənəsi - Əkbər Qoşalı yazır 
YAZARLAR
01 Mart 2023 | 18:26

Siyasi iradənin daha bir təntənəsi - Əkbər Qoşalı yazır 

Əkbər Qoşalı

Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs Ramin Məmmədovun yeni ayın ilk günü Qarabağda müvəqqəti yerləşmiş Rusiya hərbi kontingentinin qərargahında keçirdiyi görüş ildırımsürəti ilə medianın əsas mövzusuna çevrildi. Milli Məclis üzvünün respublikamızın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə keçirdiyi görüş ilk növbədə nəyi ifadə edir, nəyin ifadəsidir?

-Azərbaycan Respublikası öz erməni sakinləri ilə görüş, müzakirə və onlarla bağlı hər hansı digər mövzuları özü müəyyənləşdirir, özü uyğun bildiyi şəkil və formatda həyata keçirir. Yəni Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyasını, Sülh Anlaşmasını müzakirə edə biləriksə, Azərbaycanın daxili işləri kateqoriyasına daxil olan mövzuda onlarla müzakirə aparılmayacaq. 30 illik işğal dönəmində uyğunsuz şərtləri qəbul etməyən Azərbaycan dövlətinin, 44 günlük müharibədən sonrakı dönəmdə daha qətiyyətli siyasi iradə nümayiş etdirməsi bütün dünya erməniliyi üçün də başa düşülən, idrak edilən məsələ olmalıdır;

-Azərbaycan ekofəallarının Xankəndi-Laçın yolunun Şuşa səmtində artıq 9-cu ongünlüyünə girəcək aksiyası öz ciddi nəticələrini verir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə Xocalı şəhərində baş tutan görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” QSC-nin mütəxəssislərindən ibarət – Təbii sərvətlərin qanunsuz istismarını araşdıran Monitorinq qrupunun rəhbəri Məsim Məmmədov da iştirak edib. Az öncə isə Ruben Vardanyan Xankəndindəki qondarma rejimin “dövlət naziri” “vəzifə”sindən çıxarılmışdı. Vardanyanın yoxdanyan olacağı barədə bu sətirlərin müəllifi də bir neçə dəfə yazmışdı, bir çox ekspertlər də Moskvanın “Vardanyan kartı”nın işləməyəcəyini vurğulamışdı. – Budur, Azərbaycanın qızıl mədənlərinin qanunsuz istismarının qarşısını almağa, ilkin olaraq, ekoloji monitorinq aparmağa çalışan, müvafiq razılaşmalara uyğun hərəkət edən təmsilçilərimizin işə başlamasına maneə olanların başçısı sıradan çıxır. Ekofəallarımızın mətin diruşu, Vardanyanın aradabir çirkli əsgər paltarları arasında əşya qismində aradan çıxmasına səbəb olmuşdusa, indi daha təsirli sonuclara gətirib çıxarır;

-Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxsin kimliyi də önəmlidir. O – Ramin Məmmədov Ağdərə şəhərində anadan olub (17.02.1979-cu il), orta təhsilini Şuşa işğala məruz qalanadək oradakı 2 saylı şəhər orta məktəbində alıb (1985-1992-ci illər). Mükəmməl ali təhsil almış hüquqşünasdır, gənc yaşlarından mühüm ictimai-siyasi və dövlət vəzifələrində çalışıb, hakim partiyanın İdarə Heyətinin üzvüdür. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri Komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, habelə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Avropa Birliyi–Azərbaycan parlament əməkdaşlığı komitəsinin, MM-in bir sıra ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Məhz bu faktlar onun danışıqlarda məsul şəxs qismində iştirakının ciddi əsaslarını müəyyən edir. Bir önəmli məqamı da əlavə edək ki, Ramin Məmmədov Qərbi Azərbaycan İcmasının da fəal üzvüdür;

- Görüşün önəmini göstərən ən vacib məqamlardan biri kimi, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin respublikamızın Konstitusiyasına və qanunlarına uyğun olaraq Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılmasını da göstərmək olar;

-Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslara, ekoloji monitorinqlərə yenə mane törətmək istəyənlər buluna bilər – lakin “başa yolu yox, artıq”! – Azərbaycan dövlətinin dediyi olacaq! Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi, Müzəffər Ali Baş Komandan qətiyyəti, sözünün imzası qədər keçərli olduğu müzakirə mövzusu deyil, qəbul edilməkdən başqa alternativi bulunmayan böyük həqiqətdir!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Bakıvaxtı.az


SON XƏBƏRLƏR

19 Aprel 2024