• Bakı 12° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

vİranın əsil üzü – üzsüzlüyü… - Əkbər Qoşalı yazır
YAZARLAR
30 Mart 2023 | 18:29

vİranın əsil üzü – üzsüzlüyü… - Əkbər Qoşalı yazır

Əkbər Qoşalı

Millət vəkili, Məclisin Mədəniyyət Komitəsinin sədr müavini, partiya başqanı, tanınmış ictimai-siyasi xadim, alim Fazil Mustafaya qarşı silahlı hücum xəbəri yayılan andan nəzərlər oranı göstərdi – terrorçuluğu müqəddəs dəyərlərlə pərdələməkdə özlərini pərgər sananların hakim olduğu ölkəni. – Fars-Molla Rejiminin vİranını. Tələsik rəy verməmək məsuliyyətini də unutmadıq və artıq daha soyuq başla düşünəndə də - saatlar keçəndən, həyəcan xeyli ötəndən sonra da vektorlar başqa yeri göstərmir. – Onlardır bu çirkin tapşırığı verən, verib də sonra karıxan, özü bilir nə üçünsə darıxan və də hər şeyi əl-üzünə bulaşdıran Fars-Molla Rejimi. Bəs bu əminlik nə ilə bağlıdır. Anadolulu qardaşlarımız demiş, birincisi, ağlın yolu birdir. Məntiq var, məntiqi mühakimə var – vİranın çirkinlik gələnəyi var – yəni, rəy üçün tutalğaclar var da var. Bu, son dönəmlərdə vİranın, “qorxulu Tehran”dakı səfirliyimizdə törədilmiş terror aktından sonra, Azərbaycan Respublikasına qarşı ikinci terror əməlidir. Cümlənin məzmununu daha dəqiq quraq: bu, Azərbaycan Respublikasına qarşı baş tutmuş ikinci terror əməlidir, digər terror hadisələrinin qarşısı alınmasa, terrorçular önlənməsə bir Allah bilir daha neçə terror hadisəsi olarmış... Ona görə, müvafiq dövlət orqanlarımıza, təhlükəsizlik qurumlarımıza vətəndaş alqışını yetiririk. Əli avtomatlı, beyni zəhərli terrorçuların “vətəndaşlığ”ı, adı, terror törədilən yer, vaxt dəyişə bilər, dəyişməyən göstərişi kimin, haranın verməsidir. Sırf terror təşkilatlarından terror rejimlərinin bir mühüm fərqi var: ikincilər öz üzərlərinə götürmür, boyunlarından atırlar. Amma və lakin altda qalıb, əzilməyəcəklərinə bir kimsə qarant dura bilməz. Bəli, vİran rəsmilərinin səfirliyimizə qarşı hücuma görə heç kəsi cəzalandırmaması, əksinə terrorçunu dəliliyə, özlərini dəlioğlanlığa vurması bir daha və də  aydın şəkildə göstərir ki, rejim terrorçu mahiyyətə malikdir. Bircə açıq yazmaları qalıb: “Bizim ölkədə, rejimimizin əli ilə başqa ölkələrdə terror törətmək cinayət sayılmır”.

Fazil bəyə qarşı hücumun vaxtının təsadüfi seçilmədiyi də ta ilk saatlardan fərq edilirdi: Teror hadisəsi, İsraildə Azərbaycan səfirliyinin açıldığı, Xarici işlər nazirimizin dost ölkədə səfərdə olduğu ərəfədə törədildi. Bundan başqa, qanlı hadisənin, Azərbaycan Xüsusi xidmət orqanlarının peşə bayramı günü – 28 martda baş verməsi onu göstərdi ki, müstəqil Azərbaycan dövlətinin xüsusi xidmət orqanlarının ölkədə sabitliyi və təhlükəsizliyi peşəkar səviyyədə təmin etməsi vİranın heç xoşuna gəlmir. Necə deyərlər, gəlmir cəhənnəmə gəlsin.

Ayrıca, uzaq tarix deyil: vİran xüsusi xidmət orqanlarının respublikamızda törətdiyi terror faktlarına misal olaraq, görkəmli alim, ictimai-siyasi xadim, Millət vəkili, Akademik Ziya Bünyadovun, tanınmış yazıçı-publisist Rafiq Tağının qətlini göstərmək olar. Paytaxt Bakıda “Avroviziya” mahnı yarışması keçirilən vaxt vİranın ölkəmizdə planlaşdırdığı terror həmlələri haqqında bilgilər də artıq kimsə üçün sirr deyil. vİrandır ki vİrandır...

Azərbaycan dövlətinin öz müstəqilliyini bərpa etdikdən sonra qarşılaşdığı bütün ağır durumlarda Fars-Molla Rejiminin barmağının olduğu o taylı-bu taylı soydaşlarımızda şübhə mövzusu deyil. Bu baxımdan vİranın Azərbaycan Respublikasına münasibəti işğalçı Ermənistanın münasibətindən fərqlənməyib. 44 günlük müharibədən sonrakı dönəmdə isə rəsmi Tehran rəsmi İrəvandan daha dözümsüz, daha revanşist davranış içindədir desək yeri vardır.

Sadalananlar bir daha göstərir ki, vİrandakı hakim rejim müstəqil, dünyavi  respublikamıza qarşı patoloji kin-nifrət içindədir. vİran terrorundan Yaxın Şərq, Güney Qafqaz, hətta Yunanıstan və b. Avropa ölkələri də əziyyət çəkir. Mahiyyət (mahiyyətsizlik!) etibarı ilə terrorçu olan dövlət viran olmalıdır ya yox?..

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 


SON XƏBƏRLƏR