• Bakı 10° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1087

800 milyardlıq sual: Avropa özünü ABŞ-siz qoruya biləcəkmi?

SİYASƏT

02 Aprel 2026 | 15:20

800 milyardlıq sual: Avropa özünü ABŞ-siz qoruya biləcəkmi?

Avropa İttifaqının son illərdə təhlükəsizlik və müdafiə sahəsində daha müstəqil xətt formalaşdırmaq cəhdləri fonunda “Avropa strateji muxtariyyəti” anlayışı siyasi və akademik diskursun əsas mövzularından birinə çevrilib. Transatlantik münasibətlərdə ABŞ-dən asılılığın azaldılması istiqamətində səsləndirilən təşəbbüslər, artan hərbi xərclər və yeni institusional mexanizmlərin qurulması bu prosesin sistemli xarakter aldığını göstərir.

Bu kontekstdə sual yaranır: Avropa İttifaqı həqiqətən hansı real müdafiə, təhlükəsizlik və xarici siyasət alətlərini formalaşdırmağa çalışır və “Avropa strateji muxtariyyəti” konsepsiyasının reallaşması nə dərəcədə mümkündür? Eyni zamanda, bu ambisiyalı məqsədin qarşısında duran əsas siyasi, iqtisadi və geosiyasi maneələr hansılardır?

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Avropa dövlətləri ilə Amerika Birləşmiş Ştatları arasında hazırda müəyyən ziddiyyətlər müşahidə olunur. Məsələ ondadır ki, Avropa ölkələri ABŞ-dən hərbi təhlükəsizlik asılılığını azaltmağa çalışırlar, lakin mövcud şəraitdə qlobal təhlükəsizlik məsələlərində ABŞ-nin verdiyi və ya verəcəyi təhlükəsizlik zəmanətlərinə hələ də ehtiyac duyurlar.

Politoloqun sözlərinə görə, bu səbəbdən əsas ideya ABŞ-dən asılılığı azaltmaq üçün müəyyən hərbi-strateji addımların atılmasının vacibliyidir. Avropanın siyasi məkanında bu mövzu artıq kifayət qədər ciddi şəkildə müzakirə olunur. Əsas addımlardan biri kimi yeni təhlükəsizlik sisteminin yaradılması məqsədilə 800 milyard avrodan çox maliyyə vəsaiti ayrılıb və bu vəsaitin hansı istiqamətlərə yönəldilməsi hazırda müzakirə edilir:

"Bu kontekstdə əsas prioritetlərdən biri hərbi-sənaye komplekslərinin inkişafıdır. Avropa dövlətləri bu sahəyə daha çox investisiya yatırmaq məcburiyyətində qalıblar. Əvvəllər ABŞ və NATO-ya güvən yüksək idi, lakin hazırda bu güvənin zəiflədiyi müşahidə olunur və nəticədə təhlükəsizlik sahəsində yaranan boşluğun kompensasiya edilməsi zərurəti meydana çıxıb".

Elçin Xalidbəyli: Avropa ölkələri ABŞ-dən hərbi təhlükəsizlik asılılığını azaltmağa çalışırlar

Müsahibimiz bununla yanaşı qeyd edir ki, yeni silahların alınması və Avropa İttifaqı ölkələrinin ordularının gücləndirilməsi də əsas müzakirə mövzuları sırasındadır. NATO-nun təhlükəsizlik çətiri altında olan Avropa dövlətləri əvvəllər hərbi xərcləri artırmağa o qədər də meylli deyildilər. Lakin indi bu məsələyə yenidən baxılır və orduların gücləndirilməsi vacib hesab olunur:

"Qarşıda duran hədəflər olduqca mürəkkəb və eyni zamanda qaçılmazdır. Avropa ölkələri həm hərbi-sənaye komplekslərini inkişaf etdirməli, həm ordularını gücləndirməli, həm də müasir hərbi texnika idxalını artırmalıdırlar. Bu istiqamətdə artıq ayrılmış maliyyə vəsaiti hesabına müəyyən addımlar atılır. Lakin bu tədbirlərin nə vaxt effektiv nəticə verəcəyi hələ də qeyri-müəyyəndir. Böyük ehtimalla, Avropa ölkələri "Qoca qitə"nin uzun müddət ərzində müstəqil və tam təhlükəsizlik sistemlərini formalaşdırmaq üçün səylərini davam etdirməli olacaqlar".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

02 Aprel 2026