• Bakı 10° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1087

Gəncə MKTİB 1000 nəfərin işdən çıxarılmasına MÜNASİBƏT BİLDİRDİ - YENİLƏNİB

CƏMİYYƏT

02 Aprel 2026 | 22:40

Gəncə MKTİB 1000 nəfərin işdən çıxarılmasına MÜNASİBƏT BİLDİRDİ - YENİLƏNİB

Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) qurumda əməkdaşların “öz xahişləri ilə” işdən çıxmağa məcbur edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Birlikdən Bakıvaxtı.az-a verilən açıqlamada qeyd olunur ki, hazırda aparılan ixtisarlar Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun təsdiqlədiyi, “Yerli icra hakimiyyəti başçılarının tabeliyində olan mənzil-kommunal təsərrüfatı sahəsində xidmət göstərən müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Nazirlər Kabinetinin 22 dekabr 2025-ci il tarixli, 408 nömrəli qərarına uyğun olaraq həyata keçirilir.

Açıqlamada bildirilir ki, struktur dəyişikliyi çərçivəsində ilkin olaraq əmək müqaviləsi başa çatan, intizam qaydalarını dəfələrlə pozan, eləcə də yaş həddinə görə əmək pensiyasına çıxan əməkdaşlarla müqavilələrə xitam verilir.

Qurum vurğulayıb ki, Nazirlər Kabinetinin yeni qərarı hazırda MKTİB-də fəhlə və dalandar ştatlarında çalışan işçilərə şamil olunmur.

MKTİB işçilərə təzyiq göstərilməsi ilə bağlı yayılan məlumatları qəti şəkildə təkzib edib:

“Bizə ərizə yazdırıb işdən çıxarırlar, təzyiq edirlər” kimi iddialar əsassızdır. Heç bir əməkdaş məcburi ərizə yazmağa vadar edilmir. Bütün proseslər yalnız qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılır”, – qurumun açıqlamasında deyilir.

Birlik bildirib ki, fəaliyyətin təkmilləşdirilməsi prosesi Nazirlər Kabinetinin müvafiq qərarına əsasən mərhələli şəkildə davam etdirilir.

Murad İsmayıl

***

13:26

Gəncə şəhər Mənzil‑Kommunal Təsərrüfatı İstehsalat Birliyində (MKTİB) əməkdaşların kütləvi şəkildə işdən çıxarılması ilə bağlı narahatedici məlumatlar daxil olub.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, son aylarda 1000-dən çox işçi “öz xahişi ilə işdən çıxma” ərizəsi yazmağa məcbur edilib.

Şikayətçilər bildirirlər ki, əks halda əmək müqavilələrinin qanunsuz şəkildə ləğv ediləcəyi ilə bağlı hədələr gəlib.

Məsələ ilə bağlı adıçəkilən qurumla bir neçə dəfə əlaqə saxlamağa cəhd etsək də, rəsmi açıqlama almaq mümkün olmayıb.

Murad İsmayıl 


SON XƏBƏRLƏR

02 Aprel 2026