Cinayət Məcəlləsinin Təxribat maddəsinə elmi-texniki potensialı zəiflətmək məqsədi, habelə kritik informasiya infrastrukturu, enerji, nəqliyyat və telekommunikasiya şəbəkələrinin normal fəaliyyətinin pozulması kimi yeni obyektlər əlavə edilir.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif olunur.
Bununla da, Azərbaycan müdafiə qabiliyyətini, iqtisadi təhlükəsizliyini və elmi-texniki potensialını zəiflətmək məqsədilə əhalinin həyat təminatı və kritik informasiya infrastrukturu obyektlərinin, enerji və nəqliyyat infrastrukturunun, telekommunikasiya şəbəkələrinin, müəssisələrin, qurğuların məhv edilməsinə, zədələnməsinə və ya normal fəaliyyətinin pozulmasına, əhalinin sağlamlığına və ətraf mühitə zərər vurulmasına yönəldilən partlayış, yanğın törətmə, kütləvi zəhərləmə, yoluxucu xəstəliklər yayma, yaxud eyni məqsədlə əməli süni intellekt texnologiyalarından, habelə xüsusi proqram təminatlarından istifadə etməklə törətmə və ya digər hərəkətlər etməyə görə, 8 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəza nəzərdə tutulur.
Dəyişikliyə əsasən, həmçinin, təxribatın törədilmə üsullarına əməli süni intellekt texnologiyalarından və xüsusi proqram təminatlarından istifadə halları da daxil edilir.
Layihəyə əsasən, eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə bir sıra yeni ağırlaşdırıcı hallar nəzərdə tutulur.
Bu ağırlaşdırıcı hallara təxribatın cinayətkar birlik tərəfindən törədilməsi, fövqəladə və ya hərbi vəziyyət, sosial xarakterli fövqəladə mühit rejimi, habelə kütləvi iğtişaşlar zamanı törədilməsi, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi, ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olması aiddir.
Layihədə qeyd edilib ki, təxribatın hazırlanmasında iştirak etmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla bu cür əməlin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda cinayət məsuliyyətindən azad ediləcək.
Bakı 




