• Bakı 14° C

    4.86 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Gürcüstanda qəzaya uğrayan Türkiyə təyyarəsindən XƏBƏR VAR

DÜNYA

03 Aprel 2026 | 13:08

Gürcüstanda qəzaya uğrayan Türkiyə təyyarəsindən XƏBƏR VAR

Aprelin 3-də Ankara Respublika Baş Prokurorluğu tərəfindən Gürcüstan–Azərbaycan sərhədində qəzaya uğrayan Türkiyə ordusuna məxsus “C-130” tipli hərbi yük təyyarəsi ilə bağlı aparılan istintaq çərçivəsində hazırlanmış cinayət-təftiş hesabatı təqdim olunub.

Bakıvaxtı.az bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Hesabata əsasən, təyyarədə hər hansı kənar müdaxilə və ya partlayıcı izinə rast gəlinməyib.

Ankara Respublika Baş Prokurorluğunun Hərbi Cinayətlərin İstintaqı Bürosu 11 noyabr 2025-ci ildə Gürcüstanın Kaxeti bölgəsində qəzaya uğrayan və 20 hərbçinin həlak olduğu Hərbi Hava Qüvvələrinə məxsus “68-1609” bort nömrəli C-130 tipli təyyarə ilə bağlı istintaqı davam etdirir.

Qəza yerində sübutların toplanması, qalıqların araşdırılması və şahid ifadələrinin alınması məqsədilə beynəlxalq prosedurların tətbiq olunduğu istintaq çərçivəsində, ikitərəfli razılaşmalar əsasında Gürcüstanla tam əməkdaşlıq şəraitində hərəkət edilərək sübutların dəyişdirilmədən Türkiyəyə gətirilməsi təmin olunub.
Türkiyə Silahlı Qüvvələrinə məxsus “A400M” tipli təyyarə ilə Tbilisidən Ankara Mürted Hərbi Hava Bazasına gətirilən şəhidlərin nəşləri üzərində Məhkəmə-Tibbi Ekspertiza Qurumunda aparılan müayinələr başa çatdırılaraq iş materiallarına əlavə edilib.

İstintaq materiallarına daxil edilən Jandarma Baş Komandanlığının cinayət-təşftiş hesabatında təyyarənin qalıqları üzərində aparılan ilkin texniki baxışın nəticələri əks olunub.
Hesabatda qeyd edilir:

“Təyyarənin yaxınlığında partlayacaq hər hansı döyüş sursatının törədə biləcəyi qəlpə izlərinə, eləcə də sursatın dəyməsi nəticəsində yaranacaq zədələnmə izlərinə rast gəlinməyib. Əl istehsalı partlayıcı qurğunun partlaması nəticəsində əmələ gələn partlayış izləri və ya hər hansı partlayıcı qurğu və onun elementləri aşkarlanmayıb”./Trend


SON XƏBƏRLƏR