Ermənistanın siyasi gələcəyi, regiondakı balans və qonşu ölkələrlə münasibətləri 2026-cı il iyununda keçiriləcək seçkilər fonunda yenidən aktuallaşır. Paşinyanın rəhbərliyi altında formalaşan “Real Ermənistan” konsepsiyası, daxili siyasi proseslər və xarici siyasət strategiyaları bir-biri ilə sıx bağlıdır.
Bu kontekst Ermənistanın həm daxili stabilik, həm də regional inteqrasiya baxımından qarşılaşacağı çətinlikləri və imkanları anlamağa imkan verir.
Hazırkı dövrdə ölkənin Azərbaycan, Türkiyə, İran, Rusiya və Gürcüstanla münasibətləri, eləcə də Qərb və ABŞ ilə əlaqələri, siyasi kursun uğurunu və davamlılığını müəyyən edəcək əsas amillər kimi önə çıxır.
Ermənistanın 2025-ci ildən sonrakı siyasi kursunu nəzərə alaraq, ölkənin daxili və xarici siyasətində hansı əsas dəyişikliklər gözlənilə bilər və bu dəyişikliklər region ölkələri ilə münasibətlərə necə təsir edə bilər?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, Ermənistanın siyasi kursu hazırda Paşinyanın elan etdiyi “Real Ermənistan” nəzəriyyəsi üzərində qurulub:
"Lakin sual yaranır: bu kurs 2026-cı ilin reallıqlarına uyğun olacaqmı? Çünki 2026-cı ilin iyununda keçiriləcək seçkilər Ermənistan üçün taleyüklü ola bilər. Revanşistlər, kilsə, Rusiya və Paşinyanın əvvəlki fəaliyyəti nəticəsində formalaşan daxili qarşıdurmalar, eyni zamanda onun realist proqramı ilə Paşinyan arasındakı münasibətlər - bütün bu faktorlar bir-biri ilə sıx bağlıdır".
Onun sözlərinə görə, belə bir şəraitdə 2026-cı ilə doğru Ermənistanın siyasi vizyonunda hansı dəyişikliklərin ola biləcəyi maraq doğurur.
"Paşinyan artıq bəyan edib ki, onun konsepsiyası qonşu ölkələrlə "sıfır problem prinsipi"nə əsaslanır. Azərbaycanla münasibətlərin normallaşdırılması onun proqramının tərkib hissəsidir və bu prinsip üzərində xarici siyasəti inkişaf etdirmək, eyni zamanda, iqtisadi inkişafa təsir etmək məqsədi güdür",- həmsöhbətimiz əlavə edib.

Əziz Əlibəyli: TRİPP dəhlizinin Ermənistandan keçməsi məsələsi də gündəmdədir
Ə.Əlibəyli deyib ki, proqnozlara görə, Ermənistanın Azərbaycan, Türkiyə, İran, Rusiya və Gürcüstanla münasibətləri müəyyən qədər gərgin və dalğalı olacaq:
"Rusiya və Gürcüstanla bağlı məsələlər Ermənistan daxili proseslərdən asılıdır. Qərb-İrəvan münasibətləri və İran-İrəvan əlaqələrinin gələcəyi isə hələ də sual altındadır. TRİPP dəhlizinin Ermənistandan keçməsi məsələsi də gündəmdədir, lakin bu dəhlizin faktiki olaraq Azərbaycanla əlaqəli olduğu qeyd edilməlidir".
Müsahibimiz onu da əlavə edib ki, bütövlükdə, Ermənistanın xarici siyasəti balanslaşdırılmış yanaşma tələb edir. ABŞ-nin regiona daxil olması vəziyyəti nəzərə alındıqda, Rusiya ilə ciddi qarşıdurma riski arta bilər. Xüsusilə post-Ukrayna müharibəsi dövrü nəzərə alındıqda, bu faktorların təsiri daha da aktuallaşır.
Əli Hüseynov
Bakı 



