Keçən il bələdiyyələrin 3121 hektar (ha) torpaq sahəsinin icarəyə, 21 ha torpaq sahəsinin isə mülkiyyətə verilməsi haqqında qanunsuz qərarları ləğv edilib.
Bakıvaxtı.az-ın məlumatına görə, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində (2025-ci il üzrə)" əksini tapıb.
Qeyd edilib ki, inzibati nəzarət tədbirləri çərçivəsində ümumilikdə 3142 ha torpaq sahəsinin qanunsuz ayrılmasına dair bələdiyyə aktlarının ləğv edilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib. Nəticədə 3121 ha torpaq sahəsinin icarəyə, 21 ha torpaq sahəsinin isə mülkiyyətə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib.
2025-ci il ərzində örüş sahələrinin qanunsuz olaraq ayrı-ayrı şəxslərə ayrılması, zəbt olunması və digər pozuntulara qarşı qanunamüvafiq tədbirlər davam etdirilib, nəticədə 2057 ha örüş sahəsi ilə bağlı qanunsuz bələdiyyə aktları inzibati nəzarət orqanının təklifləri və ya məhkəmələrə verilmiş iddialar əsasında ləğv olunub və ya dəyişdirilib.
"İnzibati icraat haqqında" qanuna uyğun olaraq bələdiyyələr tərəfindən pul tələbinə dair inzibati aktların qəbulu və məcburi icraya yönəldilməsi üzrə onlarla metodoloji iş davam etdirilib.
Bakı 




