“Yaxın 24 saat ərzində Ukrayna ilə ABŞ arasında faydalı qazıntılar üzrə saziş imzalana bilər”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.
Ukrayna mətbuatına açıqlama verən Şmıqal, tərəflərin son texniki detallar üzərində çalışdıqlarını qeyd edib:
“Ümid edirəm ki, müqavilə yaxın 24 saat ərzində, yekun detallar dəqiqləşən kimi imzalanacaq”.
O vurğulayıb ki, bu, Ukraynada investisiya fondunun yaradılmasına dair razılaşmadır.
Baş nazirin sözlərinə görə, sazişə aşağıdakı müddəalar daxildir:
-Ukraynada investisiya fondu yaradılacaq. Fondun idarə heyəti hər tərəfdən üç nəfər olmaqla altı nəfərdən ibarət olacaq və təşəbbüslər bərabər bölünəcək.
-Kiyev hərbi yardım ala biləcək.
Xatırladaq ki, “Financial Times daha əvvəl Ukrayna rəsmilərinə istinadən Vaşinqton və Kiyevin bu həftə sözügedən sazişi imzalayacağı barədə məlumat yaymışdı.
Əlavə edək ki, bu sazişlə bağlı danışıqlar üçün Vaşinqtona səfər edən Ukrayna lideri Volodimir Zelenski və amerikalı həmkarı Donald Tramp arasında canlı efirdə gərgin anlar yaşanmışdı. Dünya gündəminə çevrilən həmin kadrlardan sonra danışıqlar təxirə düşmüşdü. /“Qafqazinfo”