• Bakı 28° C

    1.09 m/s

  • USD - 1.7

    EUR - 1.9628

    RUB - 2.3656

ABŞ–İsrail və İran arasında gərginlik: razılaşma ehtimalı zəif, atəşkəs isə mümkündür

SİYASƏT

11 Iyun 2026 | 12:00

ABŞ–İsrail və İran arasında gərginlik: razılaşma ehtimalı zəif, atəşkəs isə mümkündür

ABŞ Prezidenti Donald Tramp İrana qarşı son hücumlarda Amerika ordusunun 49 “Tomahawk” qanadlı raketindən istifadə etdiyini açıqlayıb. O, hədəflərə zərbələrin endirildiyini bildirərək, yekun razılaşma əldə olunana qədər blokadanın qüvvədə qalacağını vurğulayıb.

Buna cavab olaraq İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi-Kosmik Qüvvələrinin komandanı Məcid Musəvi ABŞ-ı sərt şəkildə hədələyərək, İranın bölgəni Vaşinqton üçün “cəhənnəmə çevirəcəyini” bildirib.

Donald Trampın İranla razılaşmanın yaxın olduğu barədə açıqlaması nə dərəcədə real görünür?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Fikrət Sadıqov bildirib ki, ABŞ və İsrailin yaxın bir həftə ərzində İranla hər hansı razılığa gəlməsi və saziş imzalaması inandırıcı görünmür.

Ekspertin sözlərinə görə, İranın irəli sürdüyü şərtlər kifayət qədər sərtdir:

“İran tərəfi ABŞ və İsraildən tam kompensasiya ödənilməsini, sanksiyaların aradan qaldırılmasını, müharibənin yekunlaşdırılmasını və digər tələblərin yerinə yetirilməsini tələb edir. Hesab etmirəm ki, ABŞ və İsrail bu şərtlərlə razılaşsın. İsrailin Yaxın Şərqdə öz strateji məqsədləri var və o, Livandakı Hizbullaha qarşı apardığı mübarizəni qanuni və əsaslı hesab edir. Eyni zamanda, İsrail İranın dəstəklədiyi digər silahlı qruplara qarşı da sərt siyasət yürüdür”.

Fikrət Sadıqov, politoloq

Politoloq qeyd edib ki, ABŞ-nin də bölgədə öz məqsədləri mövcuddur. Onun fikrincə, Vaşinqton İranın nüvə proqramının tamamilə dayandırılmasını, həmçinin Hörmüz boğazı üzərində nəzarət imkanlarının genişləndirilməsini hədəfləyir:

“Bu baxımdan tərəflər arasında tam razılaşma əldə olunmasa belə, müəyyən müddət üçün atəşkəsin təmin edilməsi mümkündür. Lakin uzunmüddətli sabitlik üçün kompromis və siyasi razılaşma zəruridir. Əks halda, hərbi əməliyyatlar vaxtaşırı yenidən alovlanacaq, atəşkəs pozulacaq. İsrail İran ərazisindəki hədəflərə zərbələr endirəcək, İran isə İsraili və ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarını hədəfə almağa davam edəcək”.

F.Sadıqovun sözlərinə görə, İranın dəniz blokadası şəraitində qalması və regiondakı mövcud geosiyasi vəziyyət müəyyən mənada ABŞ-nin maraqlarına da uyğundur:

“Blokada o deməkdir ki, İran limanlarından gəmilərin sərbəst hərəkəti məhdudlaşdırılır və ABŞ buna imkan vermir. Bu da müharibənin tərkib hissələrindən biridir. Vaşinqton hesab edir ki, qarşıya qoyulan bəzi məqsədlər həyata keçirilməyənə qədər qarşıdurma davam edə bilər. Digər tərəfdən, ABŞ-nin bu məsələyə yanaşması zaman-zaman dəyişir və verilən bəyanatlar bəzən bir-birini təkzib edir. Məncə, İsrailin İranla bağlı mövqeyi daha ardıcıl xarakter daşıyır. İsrail hesab edir ki, onun sərhədləri yaxınlığında silahlı qrupların fəaliyyət göstərməsi qəbuledilməzdir”.

Politoloq vurğulayıb ki, İran Hizbullah kimi proksi qüvvələrə verdiyi dəstəyi dayandırmalıdır. Onun fikrincə, İsrail də məhz bu siyasəti öz təhlükəsizliyinin təmin edilməsi kimi təqdim edir.

Sonda F.Sadıqov qeyd edib ki, mövcud şəraitdə Yaxın Şərqdə davamlı sülhdən danışmaq üçün hələ tezdir.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Iyun 2026