Son dövrlərdə Cənubi Qafqazda geopolitik dinamika yenidən intensivləşib. ABŞ-nin Almaniyadan hərbi texnikanı Ermənistandakı sınaq meydançasına köçürməsi bu proseslərin yeni mərhələyə keçdiyinə işarə edir.
Belə ki, "USA Today"in yaydığı məlumata görə, texnikanın daşınması Gürcüstan ərazisindən həyata keçiriləcək. Bu addım regionda hərbi balansın dəyişə biləcəyi ehtimalını gündəmə gətirir və yeni gərginlik dalğasına səbəb ola biləcəyi ilə bağlı suallar doğurur.
Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının davam etdiyi bir vaxtda ABŞ-nin Ermənistandakı hərbi fəallığı artırması regionda maraqlı tərəflər arasında yeni qüvvələr nisbətini formalaşdıra bilər. Eyni zamanda, bu proses Rusiya və İran kimi regional güclərin maraqlarına toxuna və bölgədə böyük güclər arasında rəqabəti dərinləşdirə bilər.
Bu addım sadəcə hərbi təlim və ya texniki sınaq məqsədi daşıyır, yoxsa Cənubi Qafqazda yeni münaqişə riskini artıran strateji bir mesajdır?
Hadisələrin inkişafı bu sual ətrafında müxtəlif ehtimalları gündəmə gətirir və vəziyyətin daha dərindən təhlilini zəruri edir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, əgər məlumatlar öz təsdiqini taparsa, bu, region üçün kifayət qədər ciddi məsələ olacaq:
"İlk növbədə nəzərə almaq lazımdır ki, ABŞ-nin Almaniya və digər Avropa ölkələrində hərbi bazaları mövcuddur. Son dövrlər isə Vaşinqton və Avropa ölkələri arasında münasibətlərdə müəyyən soyuqluq müşahidə olunur. Amerika uzun illər Avropanın təhlükəsizliyinə təminat verdiyi halda, son vaxtlar bu öhdəlikdən qismən geri çəkilir və Avropadan öz təhlükəsizliyi üçün daha çox vəsait ayırmağı tələb edir".
Oqtay Qasımov: Ermənistan böyük güclər arasında mübarizə meydanına çevrilib
Politoloqun sözlərinə görə, əgər ABŞ-nin hərbi texnikası doğrudan da Ermənistana daşınacaqsa, bu, region üçün ciddi risklər yarada bilər. İlk növbədə bu addım Ermənistanın Rusiya və İranla münasibətlərində gərginliklərə səbəb ola bilər. İran dəfələrlə bölgədə üçüncü qüvvələrin hərbi varlığına qarşı çıxdığını bəyan edib. Əgər Tehran bu mövqeyində səmimidirsə, Ermənistanın belə addımlarına kəskin etiraz göstərəcək. Digər tərəfdən, Rusiyanın Ermənistanda hərbi bazası mövcuddur və ABŞ-nin burada hərbi texnika yerləşdirməsi Ermənistanı geopolitik mübarizənin episentrinə çevirə bilər:
"Bundan əlavə, Avropa İttifaqının "mülki" adlandırılan, lakin əslində yarı-hərbi missiyası da bölgədə fəaliyyət göstərir. Bu da Ermənistanın böyük güclər arasında mübarizə meydanına çevrildiyini göstərir. Belə bir vəziyyət isə Cənubi Qafqazda sülh və təhlükəsizliyə ciddi təhdid yarada bilər. Ermənistanda bu xarici qüvvələrin varlığı revanşist qüvvələrin ambisiyalarını artıra və onları Azərbaycanla yeni münaqişəyə həvəsləndirə bilər".
Oqtay Qasımov onu da deyib ki, ABŞ-nin Ermənistandakı hərbi mövcudluğu Azərbaycanla sərhəd yaxınlığında yerləşdirilərsə, bu, əlavə təhlükələr yaradacaq. Buna görə də, Azərbaycan tərəfi bu məsələləri diqqətlə izləməli və rəsmi qurumlar müvafiq beynəlxalq instansiyalarla bu məsələni ciddi şəkildə müzakirə etməlidir. Hazırkı vəziyyət bölgədəki gərginliyi artırmaq potensialına malikdir və buna qarşı müvafiq addımlar atılmalıdır.
Əli Hüseynov