• Bakı C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 2.0008

    RUB - 2.2051

ABŞ-nin yeni tarif dalğası: Qlobal bazarları nə gözləyir?

DÜNYA

24 Fevral 2026 | 14:34

ABŞ-nin yeni tarif dalğası: Qlobal bazarları nə gözləyir?

Vaşinqtonun altı sənaye sektorunda əlavə tarifləri gündəmə gətirməsi və paralel olaraq bütün ölkələrdən idxala on faiz rüsum tətbiqi qərarı ABŞ-nin iqtisadi strategiyasında daha sərt mərhələyə keçidin siqnalı kimi görünür.

Söhbət artıq təkcə Çinlə rəqabətdən getmir, daha geniş mənada sənaye təhlükəsizliyi və milli istehsalın qorunması anlayışı ön plana çıxarılır. Xüsusilə yüksək tutumlu batareyalar, sənaye kimyəvi maddələri və enerji infrastrukturu avadanlıqları kimi sahələr seçilir ki, bu da göstərir ki, əsas məqsəd strateji texnologiyalar və enerji keçidi ilə bağlı zəncirləri nəzarət altına almaqdır.

Ticarət Qanununun 232-ci maddəsinin tətbiqi isə iqtisadi qərarı hüquqi müstəvidə milli təhlükəsizlik çərçivəsinə yerləşdirir və prezidentə geniş manevr imkanı verir. Bu yanaşma ABŞ-nin proteksionist kursunu sistemli və davamlı siyasətə çevirmək niyyətini göstərir.

Digər tərəfdən, bütün ölkələrə şamil olunan on faizlik ümumi rüsum qlobal ticarət balansında yeni gərginlik yarada bilər. Bu addım müttəfiqlərlə belə münasibətlərdə əlavə suallar doğurur, çünki tariflərin universallığı onları konkret rəqibə qarşı deyil, ümumi idxal modelinə qarşı yönəldir. Nəticədə ABŞ bazarına çıxışın bahalaşması dünya üzrə istehsal və təchizat zəncirlərini yenidən formalaşdıra bilər. Qısamüddətli perspektivdə bu siyasət daxili istehsalı stimullaşdırmaq məqsədi daşısa da, orta və uzunmüddətli mərhələdə qiymət artımı, cavab tarifləri və ticarət tərəfdaşları ilə gərginlik riskini artırır.

ABŞ administrasiyası bunu milli təhlükəsizlik və iqtisadi suverenlik çərçivəsində əsaslandırır, lakin qlobal iqtisadi sistem üçün bu qərar yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

Ruslan Zəngəzur


SON XƏBƏRLƏR