Dövlət qurumlarının rəsmi internet saytlarına və kritik infrastrukturlara qarşı həyata keçirilən kiberhücumlar təkcə texniki problemlər yaratmaq deyil, həm də siyasi, psixoloji və strateji məqsədlərə xidmət edə bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə kibertəhlükəsizlik üzrə ekspert Fərid Musayev Xəzərnews.az-a açıqlamasında bildirib.
Ekspertin sözlərinə görə, belə hücumların əsas məqsədlərindən biri cəmiyyətdə qorxu və panika yaratmaq, dövlət institutlarına olan etimadı zəiflətməkdir. Elektron hökumət portallarının və sosial xidmətlərin fəaliyyətində yaranan fasilələr vətəndaşlarda dövlət sistemlərinin təhlükəsizliyi ilə bağlı narahatlıq yarada bilər.
F.Musayev qeyd edib ki, rəsmi saytların ələ keçirilməsi nəticəsində saxta xəbərlərin və manipulyativ məlumatların yayılması da mümkündür. Bu isə kiberhücumların informasiya müharibəsinin tərkib hissəsi kimi istifadə edilməsinə şərait yaradır.
Ekspert vurğulayıb ki, dövlətlər arasında baş verən kiberəməliyyatlar strateji və hərbi məqsədlər də daşıya bilər. Belə hallarda enerji, su təchizatı, nəqliyyat və rabitə sistemləri kimi kritik infrastrukturlar hədəfə çevrilə bilər. Bu cür müdaxilələr real həyatda xidmətlərin fəaliyyətinə mənfi təsir göstərə bilər.\

Fərid Musayev, kibertəhlükəsizlik üzrə ekspert
Onun sözlərinə görə, bəzi hücumlar dərhal zərər vurmaq üçün deyil, gələcək əməliyyatlara hazırlıq məqsədilə həyata keçirilir. Hücumçular dövlət qurumlarının daxili şəbəkələrini, istifadə etdikləri texnologiyaları və həssas nöqtələrini öyrənməyə çalışırlar. Hərbi sirlərin, diplomatik yazışmaların və vətəndaşların şəxsi məlumatlarının oğurlanması da kiberhücumların əsas hədəfləri sırasındadır.
Fərid Musayev dövlət saytlarının fəaliyyətini dayandırmaq üçün istifadə edilən DDoS hücumlarına da diqqət çəkib. O bildirib ki, bu hücumlar zamanı sayta həddindən artıq trafik yönləndirilir və nəticədə resursun fəaliyyəti pozulur. Belə əməliyyatlar diqqət çəkmək, güc nümayiş etdirmək və ya başqa bir kiberhadisədən diqqəti yayındırmaq məqsədi daşıya bilər.
Ekspert əlavə edib ki, dövlət qurumları “ransomware” hücumlarının da hədəfi ola bilər. Bu zaman cinayətkarlar məlumatları şifrələyərək onların bərpası müqabilində pul tələb edirlər.
F.Musayevin fikrincə, dövlət saytlarına qarşı kiberhücumları ümumilikdə iki istiqamətdə qiymətləndirmək mümkündür. Açıq hücumlar əsasən saytların fəaliyyətini dayandırmağa, ictimai diqqət çəkməyə və panika yaratmağa yönəlir. Gizli hücumların əsas məqsədi isə sistemlərdə uzun müddət aşkarlanmadan qalmaq, həssas məlumatlar toplamaq və strateji üstünlük əldə etməkdir.
















