ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsinin qəbulunun nəzərdən keçirildiyini bildirib. Onun sözlərinə görə, Rusiyaya qarşı çox sərt sanksiyaların qəbul edilib-edilməməsi ilə bağlı qərar onun ixtiyarındadır.
Bu kontekstdə ABŞ senatoru Lindsi Qrem də Trampın Konqresin Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qanun layihəsinin qəbul edilməsinin tərəfdarı olduğunu bildirib.
Maraqlıdır ki, Trampın Rusiyaya qarşı çox sərt sanksiyalar tətbiq etmək istəməsinin səbəbi nədir?
Mövzu ilə bağlı siyasi şərhçi Kənan Novruzov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Trampın məlum açıqlaması təəccüblü deyil. Çünki Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə son telefon danışığından sonra öz narahatlığını bildirdi və həmin telefon danışığından razı qalmadığını açıqladı:
"Trampın sözlərinə görə, Putin müharibəni davam etdirmək və insanların həyatına son qoymaq niyyətindədir. Təbii ki, Tramp Ukrayna kimi Rusiyadan da müəyyən güzəştlər tələb edir və tərəflərin mövqeyini yaxınlaşdırmağa çalışır. Trampın Kiyevi razı salması böyük ehtimalla baş tutub. Çünki ABŞ prezidentinin Kiyevə təsir rıçaqları daha çoxdur. Ancaq Rusiya güzəştlərə razı olmur. Ona görə də Putinin öz mövqeyini açıq şəkildə bildirməsindən sonra Tramp sərt açıqlama vermək məcburiyyətində qalıb. Hətta Tramp müharibəni bitirə biləcəyinə əmin olmadığını açıqlayıb. Bunun səbəbi Putini razı sala bilməməsidir".
Kənan Novruzov: ABŞ-nin Rusiya və Ukrayna ilə bağlı mövqeyi Avropanı qane etmir
K.Novruzova görə, D.Trampın yeni sanksiyalar məsələsini gündəmə gətirməsi məhz V.Putinə təzyiq vasitəsidir. O, bir növ yeni sanksiyalarla Putini dalana dirəmək niyyətindədi:
"Əslində Tramp başa düşür ki, Rusiya ilə münasibətlərdə diplomatiya kanalını tam bağlamamalıdır. Xüsusən də Putin kimi ölkə başçısını tam dalana dirəmək əks effekt verir. Siyasi persona kimi Tramp və Putin bir-birini yaxşı başa düşür. O baxımdan Tramp Putinin damarına çox sıxmaq istəmir. Lakin təsir vasitəsi kimi sanksiyalardan istifadə edəcək. Digər tərəfdən, ABŞ-nin Rusiya və Ukrayna ilə bağlı mövqeyi Avropanı qane etmir".
Müsahibimiz qeyd edib ki, bu baxımdan son zamanlar ABŞ ilə Avropa İttifaqı arasında ciddi fikir ayrılıqları yaranıb. Dediyinə görə, halbuki ABŞ kollektiv Qərb anlayışını tamamilə parçalamaq və Rusiyaya görə özünə düşmən qazanmaq istəmir. Ona görə də Tramp sanksiyalar kii manevrlərlə Avropa ilə gərginləşən münasibətləri normallaşdırmağa çalışır.
Kənan Novruzovun fikrincə, ABŞ-nin yaxın günlərdə Rusiyaya daha ciddi və sərt sanksiyalar tətbiq etməsi gözləniləndir.
Gülşən Şərif