• Bakı 30° C

    10.21 m/s

  • USD - 1.7

    EUR - 1.9819

    RUB - 2.1453

Rusiya üçün Hindistan bazarını itirmək çox ciddi təhlükədir - AÇIQLAMA

DÜNYA

08 Avqust 2025 | 14:20

Rusiya üçün Hindistan bazarını itirmək çox ciddi təhlükədir - AÇIQLAMA

Avqustun 6-da ABŞ prezidenti Donald Trampın Hindistandan gələn mallara əlavə 25% rüsum tətbiq etməsi tərəflər arasında narazılığa yol açıb.

Trampın sözlərinə görə, Hindistan Rusiya neftini almaqla mahiyyət etibarı ilə Ukrayna ilə münaqişədə Rusiyanı maliyyələşdirir. Hindistanın Xarici İşlər Nazirliyi isə Trampın bu qərarının ədalətsizlik və əsassız olduğunu açıqlayıb.

İki ölkə arasında gərginlik yaşanan bir vaxtda isə Rusiya Prezidenti Vladimir Putinin avqustun sonunda Hindistana səfər edəcəyi gözlənilir.

Maraqlıdır ki, Putinin bu səfəri Trampı daha da qıcıqlandıra bilərmi?

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, Putinin Hindistana səfərində müzakirə olunacaq əsas məsələ Rusiyadan neft alqı-satqısı ilə bağlı olacaq. Hansı ki, ABŞ bu məsələylə bağlı Yeni Dehliyə təzyiqlər göstərir:

"ABŞ maksimum səviyyədə çalışır ki, Rusiya neftinin qarşısını kəssin. Hindistan hazırda Rusiya neftinin əsas idxalçılarından biridir və ABŞ bunun qarşısını almaq istəyir. ABŞ-nin tələblərinə baxmayaraq, Amerika Hindistanın enerji təhlükəsizliyini təmin edəcək gücdə deyil. ABŞ Hindistanın İrandan neft almasına da razı deyil. İran nefti ilə müqayisədə Rusiya nefti Hindistan üçün daha əlverişlidir. Çünki həm nefti ucuz qiymətə alır, həm də sənaye baxımından Rusiya nefti daha faydalıdır. Rusiya üçün Hindistan bazarını itirmək çox ciddi təhlükədir. Vəziyyət o dərəcədə ciddi xarakter alıb ki, prezident Putin birbaşa Hindistana səfər edir".

Zeynal Əmrəliyev: Purin Hindistanda regional məsələlər və tranzit yolların inkişaf məsələlərini də müzakirə edəcək

Politoloq qeyd edib ki, son zamanlar Hindistandan Rusiyaya turizm və investisiya axınında azalma müşahidə olunur. Baxmayaraq ki, əvvəlki dövrlərdə tərəflər arasında çox ciddi turizm və investisiya axını var idi:

"Belə ki, hər il xeyli sayda hindistanlı Rusiyaya səfər edirdi. Artıq hind turistlər fərqli ölkələrə üz tuturlar. Həmçinin əvvəllər hindistanlı iş adamları xüsusən sənaye sahələrinə investisiya qoyurdular. Lakin son dövrlər bu proses zəifləyib. Çox güman ki, Putinin səfəri zamanı bu məsələlər də müzakirə olunacaq”.

“Eyni zamanda regional məsələlər və tranzit yolların inkişaf məsələləri geniş şəkildə müzakirə olunacaq", - deyə Zeynal  Əmrəliyev vurğulayıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR