Almaniyanın birləşməsindən - 1990-cı ildən indiyədək ölkə əhalisinin sayı 5 faiz - 3,8 milyon nəfər artıb. 1990-cı ilin sonunda Almaniyada 79,8 milyon nəfər yaşayırdısa, 2024-cü ilin sonunda bu rəqəm 83,6 milyon olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Federal Statistika İdarəsinin (Destatis) məlumatında qeyd olunub.
Əhalinin ən çox artımı Bavariya (16 faiz), Baden-Vyurtemberq (14 faiz), Hamburq və Şlezviq-Holşteyn (hər biri 13 faiz) qeydə alınıb. Ən çoz azalma isə Saksoniya-Anhalt (26 faiz), Türingiya (20 faiz) və Meklenburq-Ön Pomeraniya (18 faiz) əyalətlərində olub. Ümumilikdə, Berlin istisna olmaqla, şərq əyalətlərində 1990-2024-cü illərdə əhalinin sayı 16 faiz azalaraq 12,4 milyona düşüb, qərb əyalətlərində isə 10 faiz artımla 67,5 milyona yüksəlib. 1990-cı ildə əhalinin 77 faizi qərb, 18 faizi şərq əyalətlərində, qalanı Berlində yaşayırdısa, 2024-cü ildə bu nisbət müvafiq olaraq ölkənin qərbi üzrə 81 faiz, şərqi üzrə isə 15 faiz olub.
Almaniyanın birləşməsindən sonrakı dövrdə 1,2 milyon nəfər daha çox şərqdən qərbə köçüb, əks istiqamətdə isə köçənlərin sayı daha az olub. Qeyd edək ki, Berlindən gedən və ya Berlinə gələnlər hesabatda nəzərə alınmayıb.
Müqayisə üçün qeyd edək ki, Azərbaycanın müstəqillinin bərpa etdiyi 1991-ci ildən sonrakı dövrdə ölkə əhalisinin sayı 30 faizə yaxın artıb. Müstəqilliyin əvvəlində əhalinin sayı 7,2 milyon nəfər, 2025-ci il yanvarın 1-nə isə 10,2 milyon nəfər olub.