Antalyadakı Akdeniz Universitetində “Beynəlxalq Mədəniyyət Festivalı” keçirilib.
Bu barədə Bakıvaxtı.az-a Türkiyədəki azərbaycanlı fəallar bildirib.
Festival milli ruhun, tarixi yaddaşın və birliyin təntənəsinə çevrilib. Dünyanın müxtəlif ölkələrindən olan tələbələrin qatıldığı bu festivalda Azərbaycan Türkü tələbələr – Quzey və Güney Azərbaycandan, Dərbənddən, hətta vaxtilə İrəvandan zorla köçürülmüş ailələrin övladları – bir bayraq, bir amal ətrafında birləşiblər.
Antalyadakı “Beynəlxalq Mədəniyyət Festivalı”nda Güney və Quzey Azərbaycandan, Qaşqayı Yurdu və Türkmənsəhradan olan tələbələrin qurduğu Azərbaycan çadırı milli birlik və kimlik mübarizəsinin simvoluna çevrilib. Çadırda tariximizi əks etdirən xəritələr, milli geyimlər, şüarlar, o cümlədən “Azadlıq, ədalət, milli hökumət” çağırışları nümayiş etdirilib.
Ziyarətçilərə “İrəvan kətəsi”, “Səbzə Qovurması”, “Dolma”, “Paxlava” kimi milli yeməklər təqdim olunub. “Çırpınırdın Qara Dəniz” musiqisi və yallı rəqsləri tədbirə ruh və coşğu qatıb. Festivalda Güney Azərbaycanın tarixinə dair kitablar da sərgilənib.
Tədbir bir daha göstərib ki, Azərbaycan Türkü dünyanın harasında yaşasa da, bir millət olaraq bir amal ətrafında birləşir.
Nuriyyə Musayeva