Xəbər verdiyimiz kimi, ölkəmiz XXVII Tbilisi Beynəlxalq Kitab Festivalında təmsil olunur. Bu münasibətlə naşir, yazar və mədəniyyət xadimlərindən ibarət Azərbaycan nümayəndə heyəti festivalda iştirak edir.
Festival gedişində mayın 30-da Gürcüstan Milli Kitabxanasında daimi “Azərbaycan ədəbiyyatı guşəsi”nin açılışı olub.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Azərbaycan mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Gürcüstan Milli Kitabxanasının rəhbərliyi, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Kərim Tahirov çıxışında bildirib ki, Azərbaycan Milli Kitabxanasında “Gürcüstan ədəbiyyatı guşəsi” 2009-cu ildən fəaliyyət göstərir. Qeyd olunub ki, bu kimi təşəbbüslər xalqlarımız arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə öz töhfəsini verir. “Azərbaycan ədəbiyyatı guşəsi”ndə ölkəmizə dair 200-dən artıq nəşr nümunəsi təqdim olunur və guşə davamlı olaraq yeni ədəbiyyatlarla zənginləşdiriləcək.
Bildirilib ki, son iki il ərzində xaricdə yaradılan 6-cı daimi “Azərbaycan ədəbiyyatı guşəsi”dir və bu istiqamətdə işlər davam etdiriləcək.
D
igər çıxış edənlər də Azərbaycan-Gürcüstan mədəni əlaqələri haqqında söhbət açıblar.