"Uşaqlarda antiseptik vasitələrdən həddindən artıq istifadə dəri problemlərinə səbəb ola bilər".
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Gülnarə İlyasova deyib.
Onun sözlərinə görə, antiseptik vasitələr kimyəvi tərkibli məhsullar olduğu üçün uşaqlarda yerli qıcıqlanma və digər dəri reaksiyaları yarada bilər.
Pediatr qeyd edib ki, dərinin qoruyucu funksiyası var və onun üzərində təbii yağ qatı, həmçinin xüsusi pH balansı mövcuddur. Bu mühit dərinin nəmliyini qorumağa və zərərli mikroorqanizmlərə qarşı müdafiə yaratmağa kömək edir.
G.İlyasova bildirib ki, antiseptik vasitələrin tez-tez istifadəsi dərinin təbii yağ qatını zədələyərək quruluq, çatlar və müdafiə mexanizminin zəifləməsinə səbəb ola bilər. Nəticədə bakteriyaların dəriyə nüfuz etməsi asanlaşır və ekzema, dermatit kimi problemlərin yaranma riski artır.
Həkim vurğulayıb ki, uşaqların əllərinin təmizlənməsi üçün əsas vasitə su və sabun olmalıdır. Antiseptiklərdən yalnız zəruri hallarda, başqa alternativ olmadıqda istifadə edilməsi tövsiyə olunur.
Aynur Babazadə
Bakı 



