• Bakı C

    15.2 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

Aqrokimyəvi maddələrdən istifadə ilə bağlı tələblər qoyulacaq

CƏMİYYƏT

15 Aprel 2025 | 16:02

Aqrokimyəvi maddələrdən istifadə ilə bağlı tələblər qoyulacaq

Azərbaycanda kənd təsərrüfatında pestisid və gübrələrin istifadəsində bioloji üsullara üstünlük verilməsi ilə bağlı fermerlərə yeni tələblər qoyulacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi Elxan Mikayılov yeni “Bitki sağlamlığı haqqında” qanun layihəsinin Gübrə İstehsalçıları və İdxalçıları Assosiasiyasında keçirilən ictimai müzakirələr zamanı deyib.

Onun sözlərinə görə, hər hansı zərərli orqanizmlə mübarizə zamanı ilk növbədə bioloji vasitələrdən istifadə olunmalıdır:

“Əgər bu vasitələr mövcuddursa, mübarizə həmin üsullarla aparılmalıdır. Yalnız bioloji tədbirlər nəticə vermədiyi hallarda kimyəvi müdaxilələrə yol verilir. Bu yanaşma kimyəvi maddələrin istifadəsinin minimuma endirilməsi və ətraf mühitin qorunması məqsədi daşıyır”.

E.Mikayılov bildirib ki, hazırda gübrə və digər kimyəvi maddələrin istifadəsində ciddi nöqsanlar müşahidə olunur:

“Bəzi fermerlər ümumiyyətlə heç bir kimyəvi vasitədən istifadə etmir, digərləri isə normadan artıq istifadə edərək torpağa ziyan vurur. Torpağın mineral tərkibi və ehtiyacları araşdırılmadan, normadan artıq gübrə tətbiq olunması nəticəsində torpağın şoranlaşması və deqradasiyası baş verir. Bu isə aqrotexniki baxımdan ciddi problemdir”.

O vurğulayıb ki, gübrələr yalnız aqrokimyəvi analizlərin nəticələrinə əsasən istifadə olunmalıdır:

“Əsas məqsəd məhsul yetişdirilməsi zamanı aqrotexniki tələblərə ciddi riayət olunmasıdır. Yeni qanun layihəsi də bu istiqamətdə tənzimləyici mexanizmləri gücləndirməyi nəzərdə tutur”.


SON XƏBƏRLƏR

15 Aprel 2025