• Bakı 28° C

    8.3 m/s

  • USD - 1.7

    EUR - 1.961

    RUB - 2.1031

ATƏT sədrinin Bakı səfəri: Bölgədə yeni missiya olacaq?

SİYASƏT

06 Avqust 2026 | 13:50

ATƏT sədrinin Bakı səfəri: Bölgədə yeni missiya olacaq?

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri İqnazio Kassis avqustun 4-5-də Azərbaycanda rəsmi səfərdə olub. Səfər çərçivəsində regional sülh, ikitərəfli əlaqələr və əməkdaşlıq məsələləri müzakirə edilib.

Bəs Qarabağ müharibəsindən sonra ATƏT regionda hansı missiyanı yerinə yetirəcək?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin Azərbaycana səfəri iki tərəf arasındakı münasibətlərin bundan sonrakı perspektivləri baxımından vacibdir:

"Azərbaycan 1992-ci ildən ATƏT-in üzvüdür. O zaman ATƏT kifayət qədər ciddi beynəlxalq təşkilat kimi qəbul olunurdu və ona böyük ümidlər var idi. ATƏT-in Minsk qrupunun yaradılması da Azərbaycanla təşkilat arasındakı münasibətlərin inkişafında mühüm bir mərhələ hesab edilə bilər. Təşkilatın məhz Qarabağ münaqişəsinin həlli ilə bağlı Minsk qrupunu formalaşdırması Azərbaycan cəmiyyətində daha çox diqqət çəkib".

Politoloqun sözlərinə görə, ATƏT-ə üzvlük yalnız münaqişə məsələsi ilə məhdudlaşmayıb:

"ATƏT vaxtilə yeni müstəqillik qazanmış dövlətlərə, o cümlədən Azərbaycana müəyyən tövsiyələr verir, islahatların həyata keçirilməsinə yardım vad edirdi. Azərbaycanla əməkdaşlıq yalnız Minsk qrupu çərçivəsində deyil, həm də ölkədə demokratik islahatların aparılması, seçkilərin keçirilməsi və seçki qanunvericiliyinin təkmilləşdirilməsi kimi sahələri əhatə edirdi".

Oqtay Qasımov: ATƏT-lə münasibətlərin saxlanılması vacibdir

O.Qasımov vurğulayıb ki, Minsk qrupu Azərbaycan cəmiyyətində mənfi iz qoysa da, təşkilatla münasibətlərin saxlanılması vacibdir:

"Doğrudur, ATƏT-in Minsk qrupu cəmiyyətimizdə mənfi yöndən dərin iz buraxdı. Lakin ümumən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı olaraq ATƏT-lə münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın maraqlarına uyğundur. Azərbaycan zamanında bu platformadan istifadə edib. Minsk qrupunun fəaliyyətsizliyinə baxmayaraq, bundan sonra da əməkdaşlıq imkanlarımız və istiqamətlərimiz qalmaqdadır. Bu əməkdaşlığın davam etdirilməsi Azərbaycanın maraqlarına zərər vurmaz".

Qarabağ münaqişəsindən sonra ATƏT-in regiondakı missiyasına toxunan politoloq əlavə edib ki, qurumun bölgədə hər hansı xüsusi missiya həyata keçirməsinə ehtiyac qalmayıb:

"Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Bu istiqamətdə artıq ATƏT-lə hansısa əməkdaşlığa gərək yoxdur. Lakin ümumilikdə ATƏT-lə digər müxtəlif istiqamətlərdə əməkdaşlığın davam etdirilməsi üçün imkanlar mövcuddur".

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Avqust 2026